Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ali məktəb tələbələrinin sosial problemlərini diqqət mərkəzində saxlayır və onun həlli üçün müvafiq addımlar atır. AZƏRTAC xəbər verir ki, bunu AHİK-ın yığıncağında konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Sədr bildirib: “Əlaçı və ictimai işlərdə fərqlənən ali məktəblərin tələbələrinə həmkarlar ittifaqının vəsaiti hesabına adlı təqaüdlər ödənilir, orta məktəb şagirdlərinin bir hissəsinə təqaüd verilir. İmkansız ailələrdən olan 4 minə yaxın tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir”.

Onun verdiyi məlumata görə, tələbələrin yemək xərclərinə 341 min manat, adlı təqaüdlərə görə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat, gənclər üçün təşkil olunmuş “Ölkəmizi tanıyaq” layihəsinin maliyyələşdirilməsinə 483 min manat vəsait sərf olunub. Bundan başqa, həmkarlar ittifaqları təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilib, 156 ailəyə aylıq təqaüdlər təyin edilib.

Bənzər yazılar