Və ya təhsil ənənələrimizdən yada düşən xatirələr

Qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin nümayəndəsi, Sokratın şagirdi Aristotelin müəllimi olan Platondan soruşurlar ki, insanlarda ən çox müşahidə etdiyiniz və sizi ən çox təəccübləndirən hal nədir? Platon cavab verir ki, uşaq olanda böyüməyə can atırlar, böyüyəndən sonra isə uşaqlıqları üçün darıxırlar. Pul qazanmaq üçün səhhətlərini korlayırlar, sonra sağalmaq üçün pullarını xərcləyirlər. Gələcəyə görə narahat olduqları üçün bu günü rahat yaşamırlar. Beləliklə heç vaxt ölməyəcək kimi yaşayıb, heç nə yaşamamış kimi ölürlər.


Yəqin bir çoxlarımız da bu qənaətdəyik ki, əgər belə demək olarsa, ekran-efir cihazından səslənən hər hansı bir fikir, göstərilən hər hansı epizod insanların nəinki əxlaq və davranışlarına, eləcə də psixoloji durumuna, hətta bilavasitə səhhətinə belə təsir edir, tamaşaçı və dinləyicidə nostaljı hisslər oyadır. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar televiziya kanallarında elmimizin, mədəniyyətimizin, incəsənətimizin keçmişinə, tarixi ənənələrinə daha geniş yer ayrılması, digər tərəfdən bir sıra bayağı, şou xarakterli verilişlərin dayandırılması haqqında fikirlərin səsləndirilməsi, qərarların qəbul edilməsi tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir. Tamaşaçı zövqünə daha yaxın olan “Keçmışə salam”, “Yada düşər xatirələr” və s. bu qəbildən olan verilişlər, retro kino filmlər, yaxın və keçmiş tariximizlə bağlı sənədli xronikalar izləyicilərin maraq və diqqətini daha çox cəlb edir, getdikcə özünə genış auditoriya toplayır.
Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi, inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır. Məktəbin və cəmiyyətin vəziyyəti arasında həmişə bir eyniyyətin olması fikri məşhur bir aforizmdə deyildiyi kimi, yer üzündəki şərtlərin düzəlməsi, elmi kəşflərdən çox sınanılmış bir həyat nizamının reallaşmasına bağlıdır.


Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Heç də təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində qəbul edilən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək vəzifəsi əsas məqsədlərdən biri hesab edilmiş, məhz bu yolla təhsilin məzmun və formaca yeniləşməsinə nail olmaq vəzifəsi irəli sürülmüşdür.
O da danılmaz faktdır ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, qısa bir zaman kəsiyində uzun illərdən bəri oturuşmuş təhsil sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir. Bir də ki, bəzən nədənsə hər şeyin tez olmasını istəyirik, özümüzü də yoruruq, ətrafımızdakıları da. Beləliklə bütün həyatımız yorğunluqla, əlavə problemlərlə üzləşməklə keçir.


Uzun illər keçməsinə baxmayaraq, bugünki kimi yadımdadır, məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatını yaşayardıq. Sanki dövlət də, elə cəmiyyətin hər bir üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər. Vahid məktəbli formasının olmasına baxmayaraq, buna məcburiyyət yox idi. Lakin hər kəsdən məktəbə “üst ağ, alt qara” geyim dəstində gəlmələri tələb olunurdu. Bütün yazı işləri mil-mil və damalı deyilən iki qəpiklik dəftərlərdə aparılardı. Dərslik komplektindən savayı yeganə əlavə tədris vəsaiti “hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edərdi.


Keçək əsas məsələyə. “8 mart Beynəlxalq qadınlar bayramı” ərəfəsində kitab mağazalarına, qəzet köşklərinə üz tutub, müəllimləri təbrik etmək üçün daha münasib və nəfis “otkrıtka” seçiminə çıxardıq. Xətti pis olanlar öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardı. İmkan olan yerdə isə xüsusi kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklık əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmış. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Красная Москва” və Polşa istehsalı olan «Может быть», «Быть может…» duxiləri olardı. Bu 3 və 2 rubla olan ətir məmulatını müəllimin qəbul edib-etməyəcəyini fikirləşməkdən gecəni səhərəcən yata bilməzdik. Müəllim sözün bütün mənalarında bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.
Sonralar, artıq Təhsil şöbəsində və paytaxtın Baş təhsil idarəsində çalışarkən dəfələrlə 8 martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq. Hətta müəllimə ucuz hədiyyə aparan şagirdə “Bunu anana apar” deyən müəllimlərə də rast gəldik. Bəlkə də mənim heç də tam olmayan, sadəcə olaraq bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər də olsun. Çünki artıq dəyərlər dəyişib. Bircə onu deyə bilərəm ki, dəyərləri dəyişən də, ona qiymət verən də elə özümüzük. Son onilliklərdə təhsil sahəsində nə qazandığımızı zaman göstərəcək. Unutmayaq kı, keçmiş ənənələrimizə dair xatirələr gələcəyimizi qurmaqda ən təsirli stimul və etibarlı örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq, insan psixologiyasinda silinməz iz buraxıb.


Gəlin, bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlayaq, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməyək. O vaxtlar nə “Qaynar xətt” var idi, nə sosial şəbəkələr, nə şikayət xarakterli müraciətlər, nə də “Ökədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir” kimi xəbərdarlıqlar. Müəllimi təbrik etməyi sanki, hər kəs özünün mənəvi borcu hesab edir, özündə onun bocundan çıxmaq kimi bir yüngüllük hiss edirdi. Adi üç qəpiklik “otkrıtka” hörməti simvolizə edən.


Biz dəyişmişik, yoxsa zəmanə, dəyərləri biz müəyyənləşdiririk, yoxsa dəyərlər bizi özününkiləşdirir ? Hələ də kimlərəsə sadə, kimlərəsə mürəkkəb görünən bu kimi suallara konkret cavab axtarışındayıq…

Bənzər yazılar