Artıq bununla bağlı 4 sinif üzrə ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib. Nazirlikdən verilən məlumata görə, səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib.

Məlumatda bildirilir ki, cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib.Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb.
Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur.
Daim yenilənməsi və əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk iki ayında portala giriş sayı 233 768, səhifələrə ümumi baxış sayı isə 1 663 067 olmuşdursa, cari ilin müvafiq dövründə bu göstəricilər 2 dəfəyə qədər artıb, potala giriş sayı 432 338, səhifələrə ümumi baxış sayı isə 3 311 948 olub.

Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhiflərə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub.
2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.
Məlumat üçün bildirək ki, gələcəkdə də təhsilin müasir səviyyədə qurulması əsas istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olacaq. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da ölkədə keyfiyyət və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur.

Strategiyanın əsas istiqamətlərindən biri təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Növbəti mərhələdə təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması nəzərdə tutulub.

Strategiya təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunmasını, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Bundan başqa ötən ilin sonlarında ölkə prezidentinin təsdiqlədiyi “Azəbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi”ndə də rəqəmsal təhsilin inkişaf etdirilməsi əsas hədəf kimi göstərilib. Belə ki, sənədə görə, rəqəmsal təhsilin daha da inkişaf etdirilməsi üçün təhsilin bütün səviyyələrində tətbiq olunan tədris proqramlarının yüksək keyfiyyətli elektron material (elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) və müvafiq metodlar (distant təhsil, veb əsaslı imtahanlar və s.) əsasında təkmilləşdirilməsi nəzərdən keçiriləcək.

Müəllim və tələbələrin rəqəmsal tədris materiallarına və müxtəlif rəqəmsal avadanlıqlara əlçatanlığı təmin olunacaq. Bu məqsədlər üçün digər məsul dövlət qurumları ilə birlikdə rəqəmsal təhsil konsepsiyası hazırlanacaq.
Yol xəritəsində bildirilir ki, təhsil sahəsində texnoloji dəstəyi təmin etmək məqsədilə təhsil müəssisələrinin aparıcı şəxsləri təhsil texnologiyaları haqqında davamlı məlumatlandırılacaq, təhsil texnoloqlarının inkişafı üçün tədbirlər dəstəklənəcək və bu fəaliyyətlər çərçivəsində təkmilləşdirmə kursları təşkil ediləcək. Həmçinin tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri (məsələn, imtahanlar, müsabiqə xarakterli tədqiqatlarda iştirak və s.) müəyyən ediləcək və qiymətləndirmə nəticələri inkişaf fəaliyyətlərinin planlaşdırılmasında əsas amil kimi nəzərə alınacaq.
Təhsil fəaliyyətində istifadə olunan informasiya sistemləri zəruri məlumatların əldə edilməsi imkanlarını təmin etməklə, düzgün qiymətləndirmələrin aparılması və ədalətli qərarların qəbul olunmasında xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, təhsil sistemi ilə bağlı məlumatlara dair mövcud resurslar dövlət siyasətinə və istifadəçilərin real informasiya ehtiyaclarına uyğun olaraq daha da inkişaf etdiriləcək, təhsil sistemində məlumat bazalarından məqsədəuyğun istifadə üçün imkanlar təmin ediləcək.
Bu prioritetin həyata keçirilməsi ilə tədris proqramları yüksəkkeyfiyyətli rəqəmsal material və müvafiq metodlar əsasında təkmilləşdiriləcək, fərdi rəqabət qabiliyyəti və sosial rifahın yüksəldilməsi üçün informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, məşğulluqda İKT mütəxəssislərinin payının artırılması təmin olunacaq.

Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət də hesab edir ki, elektron resusrların sayəsində təhsil alanların informasiya əldə etmələri daha sürətli olur: “Artıq bəşəriyyət rəqəmsal aləmlə təmasdadır. İnternetin həyatımıza daxil olması təhsildə yeni bir təhsil mühitinin, məktəblərdə tədrisin tamamilə yeni üsullarının yaradılmasına səbəb olur. İnternetin mövcudluğu, yeni texnologiyalar dərslərin keçirilməsinə də təbii təsir edir. Müasir təhsil alanların əksəriyyəti məlumatları, informasiyaları artıq kağız üzərindən deyil, internetdən tapırlar. Təhsil alanların internetdə informasiya axtarışında olduqları zaman bilməyərəkdən aidiyyəti saytlara, linklərə daxil olmaqla hədəflərindən uzaqlaşmalarına səbəb olur. Məhz elə hədəfdən uzaq olmasınlar deyə, şagirdlərin internetdə axtarışı zamanı məktəbdə verilən tapşırığı, mövzularına uyğun lazımı materialları tez əldə edib oxumaq üçün milli elektron resusrların olması köməyimizə gəlir. Yaradılmış və sonradan davamlı olaraq əlavələri ilə zənginləşən milli elektron resusrlarımızın sayəsində təhsilalanların informasiya əldə etmələri daha sürətli olur. Həmçinin də lazımı materiallar artıq tam dolğun olaraq düzgün mənbədən və əsaslandırılmış mənbədən olduğu halda təhlükəsizlik baxımından da çox etibarlıdır. Çünki elə hallar olur ki, internetdə əsaslandırılmamış mövzulara da rast gəlirik. İndiki təhsilalanlar artıq əllərində ən son müasir kompüter avadanlıqları ilə daha çox çalışırlar. Ona görə də elektron resursların yaradılmasının bu yöndə də çox böyük əhəmiyyəti olduğunu xüsusi vurğulamaq lazımdır”.

Sevinc

Bənzər yazılar