Martın 12-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında tələbələrin Azərbaycan Respublikasının müharibə veteranları ilə görüşü keçirilib.

Mektebgushesi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarını salamlayıb. O, təşkilatın böyüməkdə olan nəsildə yüksək vətənpərvərlik şüurunun, vətəndaş mövqeyinin, yüksək əsgəri borc hissinin, habelə hərbi xidmətə və Vətənin müdafiəsinin keşiyində durmağa hazırlığın formalaşmasına yönəldilən fəaliyyətindən söz açıb.

Sonra söz Böyük Vətən müharibəsi veteranı İsmayıl Fərəcova verilib. O, müharibə barədə xatirələrini bölüşərək deyib: “Fəxr edirəm ki, qadınlar da Vətən uğrunda kişilərlə çiyin-çiyinə mərdliklə mübarizə aparıblar. Müharibədə yanımda olan bütün qadınlarla qürur duyuram”.

Əfqanıstan və Qarabağ müharibələri veteranı, ehtiyatda olan polkovnik, SSRİ dövründə bir çox hökumət mükafatları ilə təltif edilən Elşad Şabanov çıxışında qəhrəmancasına döyüşən azərbaycanlılara ən yüksək fəxri adların verilməsindən, onların orden və medallarla təltif edilməsindən söz açıb.

Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə veteranlara diqqət və qayğı göstərib və hazırda bu ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Cəlil Xəlilov Seçenov Universitetinin Bakı filialının tərbiyə və dərsdənkənar iş departamentinin rəhbəri Leyla Əhmədzadəyə “General Həzi Aslanov” yubiley medalını təqdim edib, Azərbaycanın layiqli müdafiəçiləri olmaq üçün tələbələrə təhsildə uğurlar, möhkəm ruh və Vətən sevgisi arzu edib.

Bənzər yazılar