Dərc olunub: 13.03.2019

Lakin ayrılan vəsaitlər korrupsiyanın bir növü olacaqsa, ortada heç nə olmayacaq

Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Bununla bağlı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qanuna edilən dəyişkliklə bağlı fikirlərini “Şərq”lə bölüşən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu inklüziv təhsilin dünyanın hər yerində prioritet istiqamətlərdən biri olduğunu dedi. Qanunvericiliyə dəyişiklik edilməsini müsbət dəyərləndirən ekspert Azərbaycanda peşə təhsilinin ən geridə qalmış təhsil olduğunu da diqqətə çatdırdı: 
“Bu nöqteyi-nəzərdən düşünürəm ki, dövlət maliyyə sərf edirsə, çox yaxşı olardı ki, bu maliyyə düzgün istiqamətləndirilsin. Dünyada emal texnologiyası üstün rola malikdir. Təəssüf ki, ölkəmizdə təhsilin təcrübi əhəmiyyəti özünü göstərə bilmir. 
Hesab edirəm ki, peşə təhsili maliyyələşdirilsə yaxşı olar. Lakin ayrılan vəsaitlər korrupsiyanın bir növü olacaqsa, ortada heç nə olmayacaq. Dəfələrlə görmüşük ki, təmtəraqlı maliyyələr ayrılıb, amma ayrılan vəsaitlər korrupsiyaya yem olub. 
Təklif edirəm ki, Azərbaycanda inklüziv təhsillə bağlı peşə təhsilini beynəlxalq mütəxəssislərin köməyi ilə həyata keçirsinlər. Hətta onlara menecerlik, idarəçilik hüququ versinlər ki, bu təhsili necə yaratmağı göstərsinlər. Düzdür, bizdə belə hallar olub. 
Məsələn, Türkiyə və digər ölkələrdən mütəxəssislər çağırıblar, zavod, fabrik qurublar, məktəb açıblar və yüksək nəticələr göstəriblər. İndi də idarəçilik xarici mütəxəssislərin əlinə verilsə, yaxşı nəticələr əldə etmək olar”.

Bənzər yazılar