Təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri də,məhz 80-cı illərin ortalarına aid edilə bilər. Bəlkə də bir çoxları bilmir ki, uzun illər Azərbaycan tarixi yalnız epizodik formada “SSRİ tarixi” kursunun tərkibində, hər müəyyən bölmənin sonunda doğma tariximizə cəmi 1 dərs saatı ayrılmaqla tədris olunmuş, ayrı- ayrı dövrlərə dair qədim və zəngin tariximizin bir çox şanlı səhifələri əslində diqqətdən kənarda saxlanılmışdır. Yalnız 80-ci illərin əvvəllərindən başlayaraq respublika tarixinin öyrənilməsi üçün ayrılmış saatların miqdarına müvafiq olaraq Azərbaycan tarixi üzrə proqram materialının həcmi və məzmununun qaydaya salınması, SSRİ tarixi və ümumi tarix kurslarını keçərkən qazanılan bilikləri öz respublikamızın materialları əsasında konkretləşdirmək istiqamətində ilk cəsarətli addımlar atılmışdı.
Mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqrama əsasən, “Azərbaycan tarixi” artıq “SSRİ tarixi” kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınmış və bu fəndən attestata ayrıca qiymət yazılması barədə qərar qəbul edilmişdir. Məhz, 1986-cı ildə işıq üzü görən yeni “Tarix proqramı”nın tətbiqindən sonra Ümumtəhsil 11 illik məktəblərdə tarixin öyrənilməsinə həftədə 20 saat, ildə 678 saat ayrılmış. Vətən tarixi və Ümumi tarixin müstəqil kurslarının xətti prinsip əsasında tədrisi nəzərdə tutulmuşdu.
Bu ilkə imza atılması nəticəsində “SSRI tarixi” ümumi kursunun tərkibundə, onunla sıx əlaqədə öyrənilən Azərbaycan tarixi ayrıca keçilirməyə başladı. Respublika tarixinin öyrənilməsinin təlim-tərbiyəvi əhəmiyyətini nəzərə alınaraq, proqramda Azərbaycan tarixinin saatları artırılaraq 71 saata çatdırılmış, VIII sinifdə-17, IX sinifdə-16, X sinifdə-22, XI sinifdə 16 saat müəyyənləşdirilmişdi. Bundan əlavə V sinifdə Azərbaycan tarixinə dair hekayələrin öyrənilməsinə 11 saat vaxt ayrılmışdı. Proqramda hər kurs üzrə əsas anlayışlar və aparıcı ideyalar, şagirdlərin əsas bacarıqları, fəndaxili və fənlərarası əlaqələr verilirdi.
Tarixdən yeni proqramın fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, məzmunun ideya-nəzəri səviyyəsi yüksəlir, onun tərbiyəvi, dünyagörüş təsiri gücləndirilir, şagirdlərin yaş imkanları və tədris planı üzrə ayrılmış vaxta müvafiq olaraq bilik, bacarıq və vərdişlərinin optimal həcminin müəyyənləşdirilməsi, onun ümumi tarix kursu ilə vəhdətinin gücləndirilməsi, qarşılıqlı əlaqəsinin təmin edilməsi, məktəblilərin təlim, tərbiyə və həyata hərtərəfli hazırlanması tam və bütövlük halında həllini tapırdı.
Azərbaycan tarixinin müstəqil fənn kimi tədris planına salınması və attestata ayrıca fənn kimi qiymət yazılmasının təşəbbüsçüsü, ilk Azərbaycan tarixi proqramının tərtibçisi, bundan əlavə 678 saatlıq “Tarix proqramı” ilə 82 saatlıq Azərbaycan tarixi materialının ümumi tədris planı ilə əlaqələndirilməsi və uzlaşdırılması o qədər də asan məsələ olmayıb, böyük hövsələ və gərgin zəhmət tələb edən bir iş idi. Lakin əsas zəhmət və gərginlik hələ qarşıda idi. “Azərbaycan tarixi” dərslikləri də yeni proqrama uyğun olaraq təkmilləşdirilməli və yeniləşdirilməli idi.
O zaman Nazirlikdə dərsliklərlə bağlı məsələ müzakirə edilərkən qərara alındı ki, ilkin olaraq X-XI siniflər üçün nəzərdə tutulmuş və istifadədə olan “Azərbaycan tarixi” dərsliyindən başlamaq lazımdır. Çünki, daha çox dəyişikliyə məruz qala biləcək vəsait məhz həmin dərslik idi. Dərsliyin müəllifi də məhz təhsil idarəetməsinin rəhbər işçisi idi. O həm də tarix üzrə elmlər doktoru idi. Əlbəttə bu postda dərslik üzərində işləmək, onun vəzifə imkanları daxilində olmadığından müəyyən bir köməkçiyə eytiyac duyulurdu. Proqramın tərtibçisi kimi belə bir yardımçı funksiyası mənə həvalə edildi.
Əslində yeni dərslik yazılmırdı, proqrama müvafiq olaraq müəyyən materiallar dərslikdən çıxarılır, yeniləri əlavə olunurdu. Əsas dəyişikliklər partiya qurultayları, plenumları, beşilliklər və ölkədə gedən yenidənqurma prosesləri ilə bağlı idi. Bu işdə karıma əsasən qayçı və yapışqan gəldi. Müəyyən materiallar kəsildikdən, müəyyənləri isə yapışdırıldıqdan sonra, dərslik nəşr olunmaq üçün o zaman nazirliyin nəzdində olan “Maarif” nəşriyyatına göndərildi. “Siqnalnı” deyilən nüsxə redaktə üçün mənə göndərildikdə gördüm ki, mənim də adım dərsliyin müəllifi sirasında yer alıb. Dərhal və tərəddüd etmədən adımı çıxarıb, yenidən redaktə olunmuş variantı nəşriyyata göndərdim.
Dərslik nəşr olunduqdan dərhal sonra təcili Nazirliyə çağrıldım. Adımın dərslik müəllifi sırasında niyə yer almadığı barədə ciddi sorğu-suala tutuldum. Hər vəchlə dərsliyin geri göndərilməsi və yenidən çap olunması tələb edildi. Bu isə o zamanın şərtlərinə əsasən mümkünsüz görünürdü. Eyni dərsliyə təkrar olaraq əlavə vəsait ayrılması maliyyə pozğunluğu hesab edilirdi. Mən isə bu dərsliyin ərsəyə gəlməsində elə də bir səlahiyyət sahibi olmamağımda israrlı idim. Başqa çıxış yolu qalmadı… Qısa müddətdən sonra məni elmi-tədqiqat işlərindən ayırıb, rəsmi dövlət qulluğuna göndərdilər.
30 illik bir müddət keçməsinə, tarix üzrə proqram və dərsliklərdə dəfələrlə kifayət qədər dəyişiklik və yeniləşmə edilməsinə baxmayaraq, bu sahədə hələ də təkmiləşdirmə işlərinin aparılmasına ehtiyac duyulur. Xüsusilə də məzmunun həddindən artıq mürəkkəb və ikinci dərəcəli materiallardan azad edilməsi, bir çox mətnlərin isə daha anlaşıqlı və inandırıcı şəkildə işlənməsi istiqamətində…

Bənzər yazılar