Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts və “Weir Oil and Gas” şirkətinin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Altug Bilgic ilə görüşüb.

Görüşdə qonaqlara ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, tədris prosesi haqqında məlumat verən rektor, professor Mustafa Babanlı universitetdə ingilis dilində ixtisasların tədrisinə geniş yer ayrıldığını diqqətə çatdırıb. Rektor M.Babanlı, həmçinin universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, mübadilə prosesindən və yeni layihələrdən danışıb.

ADNSU kimi köklü ənənələri olan ali təhsil ocağında olmaqdan böyük qürur hissi keçirdiyini deyən səfir, xanım K.Krofts iki ölkə arasında sənaye və neft-qaz sahəsində əməkdaşlığın, eləcə də yeni texnologiyalardan istifadə olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib.

Sonra görüş universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə davam edib. Tədbir iştirakçılarına “Weir Oil and Gas” şirkəti haqqında geniş video təqdimat nümayiş etdirilib. Şirkətin Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru A.Bilgic şirkətin fəaliyyət istiqamətləri, mövcud layihələr və neft-qaz sahəsində yeni texnologiyaların tətbiq olunması haqqında təqdimatla çıxış edib.

Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirin sonunda şirkətdə təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 150 illik tarixə malik “The Weir Group” neft-qaz sənayesi üçün avadanlıqların istehsalı və onlara servis xidmətlərinin göstərilməsi ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb.

Bənzər yazılar