Son zamanlar xüsusilə sosial şəbəkələrdə təmirə ehtiyacı olan müəyyən məktəblərin fotoları paylaşılır, bu təhsil müəssisələrinin bir vaxtlar tanınması, böyük uğurlara imza atması, hazırda isə yararsız hala düşməsi barədə irad xarakterli fikirlər bildirilir, həmin məktəblərin əvvəlki statuslarını itirmləri ilə bağlı təəssüf hissi keçirilir. Bu kimi paylaşmalar yaranmış vəziyyətin müvafiq əlaqədar qurumların diqqətinə çatdırılması və xüsusilə də məktəb rəhbərlərinin məsuliyyətini dərk etməsi baxımından faydalı olsa da buna başqa rəng verib, ümumiləşdirmə aparmaq əlbəttə ki, ziyanlıdır. Çünki, təhsilimizi nədə ittiham etsək də, təmir-tikinti və təchizat sahəsində bunu demək ədalətsizlik olardı.
Gəlin razılaşaq ki, ümumiyyətlə, məktəb tikintisi, təmir və təchizat son 20 ildən artıqdır ki, ölkədə prioritet olaraq qalmaqdadır. Ölkə başçısının dediyi kimi “Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub”. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur.
Strateji hədəflərdən biri də müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunmasıdır.
Təkzib olunmaz faktdır ki, ölkənin şəhər və kəndlərində təkcə son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb.
Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin.
Qəzalı vəziyyətdə olan məktəblərin 2017-2018-ci illərdə modul tipli məktəblərlə əvəz edilməsi istiqamətində də xeyli işlər görülüb. İlk pilot layihə çərçivəsində artıq onlarla məktəb binası quraşdırılaraq təhvil verilib. Onlarla məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb, onlarla məktəbin quraşdırılması davam edir. Məktəb tikintisini regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında da məktəb tikintisinə xüsusi önəm verilib.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.
Bütün bunlarla yanaşı məktəb tikintisinə ayrılan vəsaitlərin yetərli olmaması barədə də fikirlər səsləndirilir. Bununla belə o da nəzərə alınmalıdır ki, təhsil müəssisələrində tikinti və təmir işlərinin həcmi ayrılan vəsaitdən daha böyükdür. Dövlət başçısının da bildirdiyi kimi, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. 3 min 272 məktəbin tikilməsinə və təmir edilməsinə baxmayaraq, bu göstərici mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq.
Əlbəttə həllini gözləyən məsələlər də var. Aşkarlıq və şəffaflığın təmin edilməsinə diqqət artırılmalı, təmir və tikinti işlərini keyfiyyətinə nəzarət gücləndirilməli, podratçıların məsuliyyətinə, obyektlərin vaxtında təhvil verilməsinə tələbkarlıq yüksəldilməlidir.
Bir də ki, təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək də ən başlıca vəzifələrdən biridir. İstər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir. Lakin işlər bununla yekunlaşmır. Hazırda respublika üzrə cəmi 4500 məktəb var, onların çox hissəsi yenidən tikilib və bu proses davam edir.
Nadir İsrafilov

Bənzər yazılar