Özbəkistanın Təhsil Nazirliyi və Ticarət-Sənaye Palatası Daşkənddə “Təhsil və karyera” adlı 20-ci beynəlxalq sərgi keçirib.

Mektebgushesi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, sərgidə Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Çin, Rusiya, Hindistan, Yaponiya, İngiltərə, Kanada, Malayziya, Sinqapur, İspaniya və digər ölkələrin universitetləri təmsil olunublar. Tədbirdə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin əcnəbi tələbələrin hazırlıq fakültəsinin dekanı Gülnarə Əskərəlizadə və beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradov təmsil ediblər.

Üç gün ərzində sərgidə iştirak edən ali təhsil müəssisələri haqqında gənclərə ətraflı məlumat verilib.

Gülnarə Əskərəlizadə müxbirimizə açıqlamasında deyib: “Universitetimizə böyük maraq var idi. Gənclər dəstə-dəstə bizim guşəyə yaxınlaşır, universitetimizdə tədris edilən ixtisaslarla bağlı suallar verir, Azərbaycana və Bakıya olan maraqlarını gizlətmirdilər”.

Sərgi iştirakçıları Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi ilə tanış olublar.

Bənzər yazılar