AMEA Elm Tarixi İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəyli 1918-ci il 30 mart-3 aprel tarixləri arasında Bakıda və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların təkcə bir millətə deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğunu vurğuladı.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə hər il 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasının xalqımızın özünüdərki və Vətənpərvərlik hisslərinin artırılması istiqamətində vacib addım olduğunu söyləyən institut direktoru sözügedən hadisələrlə bağlı arxiv materiallarının araşdırılması, həmçinin respublika və dünya alimlərinin azərbaycanlıların soyqırımı barədə ərsəyə gətirdiyi elmi işlərin öyrənilməsi istiqamətdə Elm Tarixi institutunda aparılan tədqiqatlar barədə məlumat verdi.

Əsas məruzəçi tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov tarix boyunca azərbaycanlılara qarşı törədilən soyqırımın kökündə hansı səbəblərin dayanması, eləcə də Azərbaycan xalqının təcavüzlərə qarşı apardığı mübarizə barədə ətraflı məlumat verdi.

Alim zəngin təbii ehtiyatlara, mühüm strateji və münasib coğrafi mövqeyə malik Azərbaycan ərazisinin daim işğalçı dövlətlərin diqqət mərkəzində olduğunu və bu ərazilərə sahib olmaq üçün “erməni kartı”ndan mütəmadi istifadə edildiyini təsdiqləyən faktlardan söz açdı. Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra alimlərimizin apardığı araşdırmalar nəticəsində əsrlər boyu millətimizə qarşı törədilən cinayətlərin sistemli və məqsədyönlü şəkildə həyata keçirildiyini, Rusiya, İngiltərə kimi inperialist dövlətlərin, Nobel qardaşları, Rotşildlər kimi iqtisadi güc sahiblərinin bu cinayətlərdə birbaşa iştirakını sübuta yetirən arxiv sənədlərinin aşkarlandığını bildirdi.

Cəbi Bəhramaovun Sovet dövründə Bakıda dəfn olunmuş və üzərində möhtəşəm abidə yaradılmış 26-ların məzarını açarkən, məzarda dəf edilmişlərin sayının heç də 26 deyil, cəmi 23 nəfər olması barədə özünün də şahidlik etdiyi faktlar tədbir iştirakçılarında böyük maraq doğurdu.

 Elm Tarixi İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Ermənilər, onların Azərbaycana gəlişi və faciənin başlanması” adlı məruzəsi və təqdim etdiyi slaydlarda, tədbir iştirakçılarına XVIII-XIX əsrlərdə ermənilərin kütləvi surətdə Cənubi Qafqaza köçürülməsi və bu nankor zümrənin 200 ildən artıq davam edən əsassız ərazi iddialarının Azərbaycan xalqı üçün hansı faciələrlə nəticələndiyi barədə ətraflı məlumat verdi.

Bənzər yazılar