“Quba məzarlığını AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tətqiq edib üzə çıxarıb. Təəssüf ki, həm institut, həm də mən diqqətdən kənarda qalmışıq. Nə Cümhuriyyətin 100 illiyində, nə də bu il məni Quba məzarlığına dəvət etməyiblər. Ona görə də çox incimişəm”.

 Mektebgushesi.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Quba məzarlığı soyqırımının tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev deyib.

 Qəhrəman Ağayev Quba məzarlığının basdırılmasını heç zaman qəbul etməyəcəyini də bildirib.

 “Artıq Quba məzarlığı dağıldı. 2009-cu ildə məzarlığı ziyarət edən cənab prezident bizim ideyamızı bəyənmişdi. İdeyamız isə ondan ibarət idi ki, məzarlıq şüşə örtük altında qalsın. Ancaq sonradan xüsusi komissiya da yaradıldı. O komissiyanın üzvü olmamışam. Nəticədə məzarlığı oradan götürüb yanında quyu kimi yer qazıb torpağın altında basdırdılar. Üzərində isə xatirə abidəsi qoydular. Nə yaxşı ki, Heydər Əliyev Fondu tərəfindən Qubada möhtəşəm kompleks tikilib. Buna görə Heydər Əliyev Fonduna, Mehriban Əliyevaya, cənab prezidentə minnətdarlığımı bildirirəm. Əsas məsələ məzarlığın şüşə örtük altında qalması idi. Ancaq bunu etmədilər. Quba soyqırımı nəinki türk aləmində, eləcə də, bütün müsəlman aləmində canlı soyqırım abidəsi idi. Bu abidə erməni xislətini açıb ortalığa qoymaq üçün maddi sübut idi. Təəssüf ki, bu sübut torpağın altına basdırıldı”

 Qeyd edək ki, bu gün 2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının yüz bir illiyi tamam olur. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

Bənzər yazılar