Dərc olunub: 01.04.2019

Salyan rayonunun təhsil müəssisələrində müəllimləri və şagirdləri öz ətrafında könüllülük prinsipi əsasında birləşdirən Qızıl Aypara Cəmiyyətinin ilk təşkilatları fəaliyyət göstərir.

Rayon üzrə Qızıl Aypara Cəmiyyətinin sədri ixtisasca həkim olan İxtiyar Mustafayevdir. O, məktəblərdə fəaliyyət göstərən ilk təşkilatlarda mütəmadi görüşlər keçirir, şagirdlərlə bu cəmiyyətin fəaliyyəti ilə əlaqədar söhbətlər aparır.  

İlk təşkilatların üzvlərinin təşkilatçılığı ilə şəhər 1 nömrəli məktəb-liseydə “Təbii fəlakət zamanı əhalinin təxliyəsi”, şəhər 4 nömrəli tam orta məktəbdə “Təbii fəlakətdən zərər çəkmiş  şəxslərə ilkin tibbi yardımın göstərilməsi“, 2 nömrəli tam orta məktəbdə  QAC-nin beynəlxalq təşkilat kimi fəaliyyəti, Arbatan kənd tam orta məktəbində Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində ilk təşkilatların rolu, Qarabağlı-1 kənd tam orta məktəbində cəbhə bölgəsində QAC-nin apardığı işin rolu və s. mövzularda tədbirlər keçirilib. Müharibə şəraitində olan ölkələrdə bu təşkilatın apardığı işlər barədə söhbətlər təşkil olunur.

Məktəblərdəki ilk təşkilatlar gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə sıx əməkdaşlıq, keçirilən hərbi idman oyunlarında fəal iştirak edirlər. Rayon ərazisində yerləşən N saylı hərbi hissədə keçirilən hərbi-idman oyunlarında 35 tam orta məktəb iştirak etmiş, rayonun Aşağı Noxudlu kənd tam orta məktəbi qalib olaraq zona mərhələsinə vəsiqə alıb. Bu tədbirlərdə rayon ictimaiyyəti, səhiyyə işçiləri ilə yanaşı, Qızıl Aypara Cəmiyyətinin üzvləri də yaxından iştirak ediblər. Bu tədbirlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə böyük töhfələr verir.

Ayrı-ayrı məktəblərdə müəllimlərin rəhbərliyi ilə şagirdlərdən ibarət “Könüllülər” dəstələri yaradılıb, bu dəstələrə daxil olan şagirdlər vasitəsilə ərazilərdə olan şəhid ailələrinin üzvləri, aztəminatlı ailələr, əlil  vətəndaşlarla görüşlər keçirilir, onların sosial ehtiyacları öyrənilir, mənzil-məişət, həyətyanı sahələrdə olan işlərinə dəstək göstərilir.

Bundan əlavə, cəmiyyətin ilk təşkilatları Salyan şəhər və Qaraçala qəsəbə inzibati ərazisində yerləşən şəhidlər xiyabanlarında olur, məktəblilər arasında vətənpərvərlik tərbiyəsinin aşılanması istiqamətində tədbirlər həyata keçirilir.

2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş və ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilmiş baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu Salyan rayon Xalac kənd sakini olub və kənddə Yuxarı Xalac-2 kənd tam orta məktəbini bitirib. Müəllimlərin rəhbərliyi ilə cəmiyyətin üzvləri mütəmadi olaraq ailədə olur, ailəyə mənəvi dəstək göstərir, onlara təsərrüfat qayğılarında dayaq durmağa çalışırlar.

Təhsil müəssisələrində Fövqəladə Hallar Nazirliyinin xətti ilə keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” adlı müxtəlif məzmunlu müsabiqələrdə şagirdlər fəal iştirak edirlər. Təbii ki, şagirdlərin tədris prosesindən kənar tədbirlərə cəlbi onların ictimai fəallığının artmasında, mənəvi cəhətdən sağlam və vətənpərvər  vətəndaş kimi formalaşmasında müsbət rol oynayır.

Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunub. Cümhuriyyət dövründə dövlətçiliyin inkişafı və dövlətin möhkəmləndirilməsi üçün bir sıra önəmli addımlar atılıb, xüsusən ölkədə təhsilin inkişafına və milli kadrların hazırlanmasına xüsusi səy göstərilib. Parlamentin 1919-cu il sentyabrın 1-də keçirilən iclasında yüz nəfər gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilməsi haqqında qanun da bu baxımdan əhəmiyyətli bir hadisə olub. Həmin 100 nəfərdən üçü Salyandan olub. Onlardan Hüseynov Əlihüseyn və Hüseynzadə Bəhrambəy Almaniyaya göndərilib. Hüseynbəyov Zeynalabdin bəy isə Fransaya gedib və burada Paris Universitetinin tibb fakültəsinin uşaq xəstəlikləri şöbəsinə qəbul olunub. Sonralar Z.Hüseynbəyov fransız, ingilis, alman və rus dillərini mükəmməl bilən Azərbaycanın ilk pediatr professoru olub.

1940-cı ildə Z.Hüseynbəyov sovet rejimi tərəfindən sürgün edilib, 1948-ci ildə cəza müddətini başa vuran pediatr əvvəl Yevlax rayonuna baş həkim, sonra Tibb İnstitutunda “Uşaq xəstəlikləri” kafedrasının müdiri vəzifəsinə təyin edilir, Uşaq Həkimləri Cəmiyyətinin sədri seçilir. 1969-cu ildə vəfat edib.

Hazırda Salyan uşaq xəstəxanası onun adını daşıyır. Fəaliyyəti dövründə Z.Hüseynbəyov uzun müddət Respublika Qırmızı Aypara Cəmiyyətinin işində fəal iştirak edib. Nəzərə alsaq ki, cari ilin sentyabr ayında Xalq Cümhuriyyəti Parlamentinin qeyd olunan qərarının qəbul edilməsinin 100 ili tamam olur, Salyan Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin və Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin birgə təşkilatçılığı ilə yerli təhsil ocaqlarında müxtəlif tədbirlərin, o cümlədən həmin  şəxsin övladları və qohumları ilə məktəblərdə görüşlərin təşkil olunması nəzərdə tutulur.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsi tərəfindən də idarə və təşkilatlarda, həmçinin məktəblərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Qızıl Aypara Cəmiyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti 10 mart 1920-ci ildə yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi respublikamızda “Qızıl Aypara” günü kimi qeyd edilir.

Bənzər yazılar