Dərc olunub: 06.04.2019

Aprelin 6-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə 2019-2020-ci tədris ili üçün şagirdlərin qəbulu ilə bağlı imtahan keçirilir.

Mektebgushesi.az AZƏRTAC-a istinadən  xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən imtahanda 48 yer üçün 1227 uşaq imtahan verir. Bu da məktəblilərimizdə hərb sənətinə və sərhədçi peşəsinə marağın artmasından xəbər verir.

Tam şəffaf və aşkarlıq şəraitində keçən imtahan Azərbaycan dili və riyaziyyat fənləri üzrə test üsulu ilə aparılır.

İmtahanın gedişini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və şagirdlərin valideynləri də izləyirlər.

Xatırladaq ki, məktəbə qəbulla əlaqədar sənədlərin qəbulu bu il fevralın 15-dək həyata keçirilib.

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən və zəruri tədris bazası ilə təchiz olunan Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin açılışı 2011-ci il oktyabrın 18-də olub. Təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2014-cü il 22 may tarixli Fərmanı ilə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilmiş Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin məzunları 2015-ci ildən etibarən DSX Akademiyasında hərbi təhsil alırlar.

Ötən il martın 5-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni korpusunun açılış mərasimində iştirak edən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva kursantların tədrisi və yaşayışı üçün yaradılmış şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Nizamnaməsi”nə əsasən, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin vəzifəsi – kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələrini, milli-mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmalarına, Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlanmalarını təmin etməkdir. Nizamnamənin tələblərinə əsasən, məktəbə 4-cü sinfi bitirmiş, 12 yaşı tamam olmamış oğlanlar qəbul edilirlər.

DSX Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 11 illik, bundan sonra isə zabitlərin ixtisas artırması üçün ikiillik akademik kurslardan ibarət təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb.

Bu il Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olunmaq üçün 48 kursant yerinə 1227 namizəd müraciət edib.

Bənzər yazılar