Dərc olunub: 06.04.2019

Gürcüstanda yaşayan soydaşlarımız ödənişsiz təhsil ala biləcək. Bu yenilik dini təhsilə aiddir. Söhbət Gürcüstan müsəlmanlarının Azərbaycanda ödənişsiz dini təhsil almasından gedir.

Bu xəbər sosial şəbəkələrdə yayıldıqda xeyli istifadəçi tərəfindən bəyənildi. Əksəriyyət belə zənn etdi ki, məsələ Azərbaycan təhsil müəssisələrində Gürcüstan azərbaycanlılarına ayrılacaq dövlət əsaslı, ödənişsiz təhsilə ayrılan kvotanın artırılmasından gedir. Lakin sonra məlum oldu ki, güzəşt yalnız dinə təhsilə aiddir.

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa «Sherg.az»a açıqlamasında atılan addımı müsbət dəyərləndirdiyini bildirib:

– Gürcüstan azərbaycanlılarının ödənişsiz dini təhsil alması, məncə, müsbət addımdır. Bu, mütləq qiymətləndirilməlidir. Bildiyim qədər, məsələnin həlli istiqamətində diaspora komitəsi təmaslar aparır. Gürcüstandakı soydaşlarımızın dini baxımdan təhsilli olması, çox faydalıdır. Dini təhsilə yiyələnmək fanatizmin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır. Bu sahəni boş buraxmaq olmaz.

F.Mustafa Gürcüstandakı soydaşlarımızın Azərbaycan ali məktəblərində ödənişsiz təhsillə bağlı güzəştlər edilməsini də vacib sayır:

– Eyni güzəştlər ölkənin ali təhsil müəssisələri ilə bağlı da tətbiq edilsə, çox yaxşı olar. Bunun üçün də Gürcüstan azərbaycanlıları üçün oturum izninin uzadılması gerçəkləşməlidir. Bir sıra prosedur qaydalar var ki, onlar reallaşarsa, ümumi işimizin xeyrinə olar.

Təhsildəki bəzi problemlərin çözülməsi, Gürcüstandakı gənc soydaşlarımızın Azərbaycan ictimai-siyasi həyatında daha aktiv işt iştirakı təmin edilər. Mən də bu fikirdəyəm ki, təkcə Gürcüstan azərbaycanlılarına deyil, ümumiyyətlə, qonşu ölkələrdə yaşayan, uzaq dövlətlərdən Azərbaycana təhsil almaq üçün gəlmək istəyən soydaşlarımıza özəl münasibət olmalıdır.

Bənzər yazılar