Təkcə milli mətbuatımızın deyil, eləcə də Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindən olan “Molla Nəsrəddin” yarandığı gündən etibarən ədəbi-tarixi fikrin diqqət mərkəzində olub.

“Molla Nəsrəddin” jurnalının birinci sayı 1906-cı ilin elə bu günü – 7 apreldə işıq üzü görüb.

“Molla Nəsrəddin” jurnalı necə yarandı?

“Molla Nəsrəddin”in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə (köhnə təqvimlə 20-də) işıq üzü görüb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Cəlil Məmmədquluzadə 1906-cı il fevralın 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı satirik-yumoristik jurnal çıxarmasına icazə istəyib. Bu təşəbbüsü o zaman Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri bəyənib, bu barədə xəbərlər yayıblar. “İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər veriblər. 

Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın 24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti, martın 1-də isə “Kaspi” qəzeti dərc edib. Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən şəhadətnamə verilib. 

“Molla Nəsrəddin” jurnalının ilk sayı – 113 il əvvələ səyahət… 

Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdi: 1. Məqalələr. 2. Kəskin tənqidlər. 3. Felyetonlar. 4. Məzhəki şeirlər. 5. Məzəli teleqramlar. 6. Satirik hekayələr. 7. Lətifələr. 8. Poçt qutusu. 9. Məzhəki elanlar. 10. Xüsusi elanlar. 11. Karikturalar və illüstrasiyalar.

Müəyyən olunan bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırlayıblar. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin “Molla Nəsrəddin” imzası ilə “Tiflis 7 aprel” sərlövhəli baş məqaləsi,”Məcmuəmizə müştəri olanlara nəsihət”, “Molla Nəsrəddinin teleqramları”, “Bilməli xəbərlər”, “Dəllək”, “Atalar sözü” və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olunib.

Həcmi kiçik formatda olan “Molla Nəsrəddin”in çapı həftədə bir dəfə nəzərdə tutulub. Proqram səciyyəvi baş məqalədə isə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi:

“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmaga, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.

Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib “lənət şeytana” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza”. 

Molla Nəsrəddinçilər məqalələrini “türkün ana dilində”, sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. C.Məmmədquluzadənin öz dili ilə desək “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”

C.Məmmədquluzadə jurnalın ilk nömrəsinin işıq üzü görməsi münasibətilə Rusiyanın bir çox yerlərindən təbrik məktubları, teleqramlar aldı. Redaktor bu təbriklərə aprelin 12-də “Na povorote” qəzeti, aprelin 14də isə “Kaspi” qəzeti vasitəsilə təşəkkürlərini bildirdi

Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” populyarlaşdı. “İrşad” qəzetinin 16 aprel 1906-cı il sayında Ə.Ağaoğlu bu barədə yazırdı:

“Baxın “Molla Nəsrəddin”ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edirlər”. 

Jurnalın ilk sayında dərc olunan yazılar kimi karikaturalar da məzmun etibarı ilə fərqlənirdi. “Molla Nəsrəddin”i dövrün ən müasir inqilabi məsələləri ilə yanaşı, Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düşündürürdü. Bu dərdlər içərisində dini-fanatizm daha dəhşətlisi idi. Bu fikrini xalqa çatdırmaq üçün C.Məmmədquluzadə “Molla Nəsrəddin”in birinci nömrəsinin üz qabığında öz həmvətənlərinin yatmış vəziyyətdə göstərən bir rəsm çəkdirib dərc etdirmişdir. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır.
Birinci səhifədə məscidi xatırladan otaqda müsəlmanlar sıra ilə yan-yana yatırlar, onlardan yalnız biri otağın kiçik pəncərəsindən düşən günəş şüasının təsirindən oyanıb, gərnəşir. Molla əlində əsası, başında əmmaməsi, çiynində əbası bu mənzərəni seyr edir.[1]
Jurnalın ikinci sayı…

“Molla Nəsrəddin”in 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxdı. “İrşad” və “Baku” qəzetlərinin yazdığına görə jurnalın şəkillərinin qırmızı rəngdə olması Bakı polis idarəsini bərk təşvişə saldı. Bakı polis idarəsi bolşevizmin mahiyyətinin qırmızı rəngdə təcəssüm olunmasını əsas gətirib, “Molla Nəsrəddin”in ikinci sayını bütövlükdə müsadirə etdi. Üzeyir Hacıbəyov “İrşad” qəzetində “Ordan-burdan” başlığı altında bu müsadirənin yığcam şərhini vermiş, axırda yazmışdı:

… İndi zavallı “Molla Nəsrəddin” dustaqdır. Həbsxanada oturub, öz-özünə fikir edir: əcəba, ərbabi-hökumət “bu qırmızı şeylərdən” nə üçün belə ürkür? 
Nəriman Nərimanov isə “Molla Nəsrəddin”in polislər tərəfindən müsadirəsinə lakonik və konkret qiymət vermişdir:

“Afərin belə diqqətçilərə, afərin belə qanun sahiblərinə! 
“Molla Nəsrəddin” Azərbaycanın ictimai-siyasi həyatında kəskin ideoloji mübarizələr getdiyi dövrdə öz mövqeyi və hadisələrə fərqli yanaşma tərzi ilə seçilir, müxtəlif rubrikalar altında gülməli xəbərlər verirdi. “Bilməli xəbərlər”, “İçəri xəbərlər”, “Məzəli xəbərlər”, “Teleqraf xəbərləri”, “Qafqaz xəbərləri”, “Ticari və ekoloji xəbərlər” başlıqları altında yazılar dərc edilirdi. Məcmuə əməkdaşları bu xəbərləri hazırlayarkən, asan qavranılsın deyə, xalq yaradıcılığının imkanlarından istifadə edirdi. Atalar sözü, tapmaca, bayatı “Molla Nəsrəddin”in səhifələrində dövrün reallıqlarına uyğun yeni məna kəsb edirdi”.

Məcmuədə satirik şeir və hekayə formalarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, elan, teleqraf və lüğət formalarına da müraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir.

Jurnalın tənqid hədəfləri….

“Molla Nəsrəddin”in tənqid hədəfi çox geniş idi. Amerika-İngiltərə imperialistlərindən, rus çarizmindən, İran və Türkiyə despotlarından tutub, adi tüfeyliyə qədər “Molla Nəsrəddin”in hədəfi olub. Jurnal sonuncu nömrəsinədək din və mövhumata qarşı ardıcıl mübarizə aparıb.

1905-1907-ci illər inqilabını alqışlayan mətbuat orqanlarından biri “Molla Nəsrəddin” idi. Jurnal inqilabi-demokratik orqan kimi xalq kütlələrində mütləqiyyət hökmranlığına qəzəb və nifrət oyadırdı. “Balaxanıda Talışxanov fəhlənin hər birinə üç yumruq və 17 qəpik muzd verir. Bu hesabla dörd min fəhləyə gündə nə qədər muzdgərək verilə?”. Bu cür yazılar oxcunun nəzərini dərhal cəlb edirdi.

Jurnalın səhifələrində Azərbaycan kəndində gedən inqilabi mübarizə düzgün ifadə edilib. Bir tapmacada jurnal kəndlilərin ağır vəziyyətini belə göstərir: “Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə, on hissəsini də qlava və pristava rüşvət və divan xərci… Əkinçinin özünə nə qədər buğda qaldı?” 

Jurnal acınacaqlı vəziyyətdən çıxış yolunu belə göstərirdi: “Kəndlininki dəyənəkdir. Hər bir kəndli götürə əlinə və zərurət vaxtında özünü mühafizə edə, başqa çarə yoxdur”. 

Molla Nəsrəddinçilər xalqı öz hüquqları uğrunda mübarizəyə çağırır, bu işdə xalqın haqqını tapdalayanlara, qanunsuz işlərlə məşğul olan məmurlara qarşı birgə mübarizəsinin vacibliyini önə çəkirdi. Jurnalın 1907-ci il tarixdə nəşr olunan 3-cü sayında iranlı fəhlələrin vəziyyətini təsvir edən felyetonunda həmrəyliyə çağırış motivi bu cür təsvir edilir:

“Ey həmşərilər, ey mənə kağız göndərən 30 nəfər həmşəri, açın qulağınızı və görün mən sizə nə deyirəm… Əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl edəsiniz. Əvvələn gərək bir-birinizlə əl-ələ verəsiniz. Yəni Məhəmmədəli gərək yapışsın Həsənin əlindən, Həsən Kərbalayi Qasımın əlindən… Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birlərinin əlindən və birləşsinlər. 
“Molla Nəsrəddin” nəşri boyunca Yaxın Şərqdəki ictimai-siyasi həyatı da əks etdirmişdir. Jurnalı İran və Türkiyə inqilabları xüsusilə çox maraqlandırırdı. İnqilabi hadisələrin gedişinə dair jurnalda məzmunlu yazılar verilirdi. İnqilab düşmənləri felyetonlarda, satirik şeirlərdə kəskin tənqid edilirdi”.

Jurnalda beynəlxalq imperializmi tənqid edən yazılara və karikaturalara geniş yer verilirdi. Birinci rus inqilabı dövründə imperializm müstəmləkə siyasətini daha da gücləndirir, ictimai-siyasi hadisələrdən öz mənafeyi üçün istifadə etməyə çalışırdı. İmperializmin bu sifətini jurnal çox aydın şəkildə oxucu üçün açırdı:

“Əzizim amerikalı, indi buyur görək nə məqsədlə dünyanın o başından bu başına gəlmisən? Mənim yəqinimdir ki, sənin xəyalında bir biclik var. Məsələn, bu məqsədlə gəlibsən ki, biçarə müsəlmanları tovlayıb axırda imtiyaz sahibi olasan və bizi fəhlə kimi işlədib öz əlimiz ilə qazandığımız pulları doldurasan cibinə və axırda da Xorasan xalılarından, Buxara dərilərindən, Naxçıvan cecimlərindən, Şamaxı şallarından, Tehran şiri-xurşidindən bir yük tutub Vətənə sovqat aparasan və gedib Amerikada bir kitab yazasan və həmin kitabda mollalarımızı tərifləyəsən”. 

Jurnal göstərirdi ki, Asiya xalqları oyanmışdır və öz düşmənlərinə qarşı mübarizə aparmağa qadirdir. Bu fikir “İngiltərə və Hindistan” adlı şəkildə əks etdirilmişdir. Bu şəkildə müstəmləkə zülmü altında inləyən hindlinin oyanıb kreslonu müstəmləkəçilərin başına çırpdığı ifadə olunmuşdur.

Jurnal dövrünün mənfiliklərini, xalqın ağır istismarını, geriliyi, ətaləti görür və onlara biganə qalmırdı. İfşaedici gülüş “Molla Nəsrəddin”də o zaman əsas yer tuturdu. Xalqın zəhməti ilə varlanıb xalqa zülm edən sinfə qarşı Mirzə Cəlil yazırdı:[1]
Hər bir müsəlman qəzetini alırsan əlinə, görürsən ki, yazılıb “maşallah filan milyonçu, maşallah filan millətpərəst, maşallah filan xan, filan bəy, filan hacı, filan kərtənkələ…”. Amma heç biri yazmır ki, bir yandan minlərcə müsəlmanlar acından ağlaşır və bir yandan da min-min manatlar xərclənirlər qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barişna və madama. 

Jurnalın əleyhinə çıxanlar – Din xadimləri…

Din xadimləri, ruhanilər də jurnalı böyük qəzəb hissi ilə qarşıladılar. Səlahiyyətlərindən istifadə edərək təzyiq və təhdidlərə keçirdilər. Ə.Haqverdiyev bu barədə öz xatirələrində yazır.

Mollalar jurnalı yazanları və oxuyanları təkfir edib deyirdilər: bu jurnal gərək bir müsəlmanın evinə girməsin, onu nəinki oxumaq, ələ belə almaq haramdır. Onu maşa ilə götürüb ayaqyoluna atmalıdır… 

Mirzə Cəlil isə öz xatirələrində dini fanatizmi yayıb, insanların tərəqqisinə mane olanların hərəkətlərini bu cür qiymətləndirirdi:

“Molla Nəsrəddin” məcmuəsi birinci nömrədən başlayıb baltanı islam mövhumatının başından elə vurdu ki, adını müsəlman qoyan bəndə, barmaqları ilə qulaqlarını tutub, molladan qaçmağa üz qoydular. 

Jurnalın nömrələri bir-birinin ardınca çıxıb yayıldıqca redaksiyaya söyüşlər, təhdidlər, həcvlər gəlirdi. “Molla Nəsrəddin” qəzetlərin əsas mövzularından birinə çevrilib. Qəzetlər arasında da onun tərəfdarları və əleyhdarları əmələ gəlib.

Bolşevik mətbuatı “Molla Nəsrəddin”in cəsarətli və ağıllı fikirlərinə tərəfdar çıxır, onun düşmənlərinə qarşı barışmaz mövqedə dururdu. Batum polis idarəsi tərəfindən “Molla Nəsrəddin” jurnalının təqib olunmasına, onu oxuyanların “bədəfkarlar” siyahısına yazılmasına “Dəvət-Qoç” qəzeti etirazını bildirib.

1906-cı il mayın axırlarında Tiflis jandarm idarəsinin soldatları Ömər Faiq Nemanzadənin evini mühasirəyə almış, orada axtarış aparmışdılar. “Dəvət – Qoç” qəzeti dərc etdiyi bir xəbərdə bu hadisəyə mənfi münasibətini bildirib.

Bütün təzyiqlərə baxmayaraq, məcmuə əməkdaşları “Molla Nəsrəddin”in çapını həyata keçirirdilər. Kəskin və tənqidi çıxışlarına, həqiqətləri söylədiyinə görə daim hücumlara məruz qalan “Molla Nəsrəddin” çar senzurasının da qadağaları ilə üz-üzə dayanmışdı. Bəzi məqalələrin, karikaturaların çapına senzura icazə vermirdi. C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.

Bütün bu qadağalara baxmayaraq, “Molla Nəsrəddin”in haqq səsi çox keçmədən şimallı-cənublu Azərbaycanın və Qafqazın hüdudlarını aşıb Rusiyada, Yaxın və Orta Şərqdə eşidilirdi. Jurnalın Tiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı, Orta Asiyada, Krımda, Kazanda, Ufa, Həştərxan, Orenburq, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlküttə kimi bir çox şəhərlərdə oxucusu var idi. Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərib.(Azedu.az)

Bənzər yazılar