Avropa Komissiyasının maliyyə dəstəyi ilə 2015-ci ildən həyata keçirilən Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “NİZAMİ” layihəsi artıq yekunlaşmaq üzrədir. Bu günlərdə Fransanın Monpelye Universitetində Nizami layihəsi çərçivəsində sonuncu görüş keçirilib. 


Universitetdən Mektebgushesi.az –a bildirilib ki, görüşdə Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov da iştirak edib. Layihənin sonuncu iclasında nümayəndə heyətimiz son hesabatını və AzMİU-ya tapşırılmış iş paketini təqdim ediblər. Fərhad Əliyev AzMİU-da doktorantura təhsilinin təşkili və bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. 


Məlumat üçün qeyd edək ki, Nizami milli layihəsinin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir. Təhsil Nazirliyi ilə yanaşı, layihədə Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsi, eləcə də Avropanın 5 aparıcı universiteti iştirak edir. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.

Bənzər yazılar