Dərc olunub: 09.04.2019

Azərbaycan-Rusiya əməkdaşlığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Rusiya Elmlər Akademiyası N.V.Puşkov adına Yer maqnetizmi, ionosferi və radiodalğaların yayılması institutunun (İZMİRAN) birgə təşkilatçılığı ilə rəsədxanada “Günəş-Yer fizikasının aktual problemləri” mövzusunda beynəlxalq seminar keçirilib.

Rəsədxanadan Mektebgushesi.az -a bildirilib ki, seminarın əsas məqsədi Azərbaycan və Rusiya alimləri arasında Günəş və Günəş-Yer əlaqələrinin fizikası sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi olub. Tədbirdə hər iki ölkədən tanınmış alim və mütəxəssislər iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ölkəmizdə müxtəlif beynəlxalq elmi tədbirlərin keçirilməsinin Azərbaycanın uğurlu daxili və xarici siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb. Sonra Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov seminarı yüksək səviyyəli təşəbbüs kimi dəyərləndirib və elmi-tədqiqat müəssisələrinin əməkdaşlıq tarixindən danışıb. Rusiyalı professorlar Vladimir Kuznetsov və Vladimir Obridko tədbirin əhəmiyyətindən danışıb, bu seminarın tədqiqatçılara böyük töhfə verdiyini xüsusi vurğulayıblar.

Rəsmi açılış mərasimi bitdikdən sonra seminar işini iki ölkə alimlərinin son illərdə əldə etdikləri mühüm elmi nəticələrə həsr olunmuş məruzələri ilə davam etdirib. Seminarda Günəş-Yer fizikasının aktual problemləri haqqında çıxışlar dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb. Alimlər toqquşmasız plazma mühitində müxtəlif dayanıqsızlıqların 16-momentli köçürmə tənlikləri əsasında tədqiqi üzrə ŞAR-da və İZMİRAN-da alınan nəzəri nəticələr barədə ətraflı məlumat veriblər. Nəzəri nəticələrin Günəş küləyinə tətbiqi və təcrübi məlumatlara uyğunluğu barədə gənc alimlərin çıxışı da maraqla qarşılanıb.

Seminarda Günəşdə baş verən qeyri-stasionar proseslərə dair tədqiqatların nəticələri, onların Yer biosferinə təsiri üzrə araşdırmaların perspektivləri geniş müzakirə edilib. Tərəflər bir-birini maraqlandıran sualları cavablandırıblar.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bənzər yazılar