Aprelin 10-da nur üzlü Lələtəpə fatehlərimizdən biri, Şəhid snaperçi əsgər Nurəddin Mirzeyevin təhsil aldığı Ə. H. Mirzəyev adına Yardımlı rayonu, Honuba kənd tam orta məktəbində şagirdlərlə görüş keçirilib.

Görüşdə Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, baş məsləhətçisi Şəhriyar Şabiyev, Yardımlı rayon Təhsil şöbəsinin nümayəndəsi Nəci Bağırov, Ombudsmanın Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yardımlı rayon nümayəndəliyinin rəhbəri Elvin Hüseynov, kənd ərazi nümayəndəsinin müavini Nizami Paşayev və  məktəbin pedaqoji heyəti iştirak edib.

Əvvəlcə Şəhidin məzarı üzərində onun əziz xatirəsi anılıb, ardınca qonaqlar Şəhidin yaşadığı evdə olub, Nurəddinin xatirəsinə evdə yaradılan guşəni ziyarət edib, Şəhid valideynləri – Eytimat ata və Fəxriyyə ana ilə həmsöhbət olublar.

Sonra vaxtilə Şəhidin oxuduğu sinifdə şagirdlərlə görüş keçirilib. Görüşdə Şəhidliyin mahiyyəti, onun milli-mənəvi dəyəri, bu gün Azərbaycan məktəblisinin üzərinə düşən vəzifələr və s. ətrafında diskusiyalar aparılıb, şagirdlərin fikirləri dinlənilib. Ombudsman aparatı tərəfindən fəal şagirdlərə insan hüquq və azadlıqlarına dair əyani vəsaitlər hədiyyə olunub.

Honuba, Taleh MİRZƏYEV

Bənzər yazılar