Dərc olunub: 22.04.2019

“Ölkə məktəblərində ali orqan hələ də Sovetin mirası – Pedaqoji Şuradır. Məktəbin şurası olmalıdır. Amma 1989-cu ildə təsdiq olunan “Məktəb Şurası haqqında” Əsasnamədə göstərilirdi ki, şura tərkibinin üçdə biri müəllim,  bir o qədəri valideyn, eləcə də eyni sayı yuxarı sinif şagirdlərindən ibarət olmalı idi. Hazırda bu ənənə tamamilə unudulub”

 Mektebgushesi.az xəbər verir ki, bu sözləri Təhsil TV-də yayımlanan “Təməl” verilişində Əməkdar müəllim Asif Cahangirov deyib. O, müasir məktəb direktoru barədə danışarkən bildirib ki, rəhbər ən nüfuzlu müəllimlər arasından seçilməlidir:

“Amma nüfuzlu müəllim heç də həmişə direktor ola bilmir. Çünki burada menecerlik qabiliyyətləri də mühümdür.  Direktor zəif müəllimdirsə,təlim-tədris prosesini  necə idarə edəcək? Və ya müəllim tədrisin təşkilini direktordan yaxşı bilirsə, ondan hansı göstərişləri gözləyə bilər? Direktor güclü müəllimlər arasından seçilməlidir. Onun proqnozlaşdırma və strateji təfəkkür səviyyəsi araşdırılmalıdır.Direktor güclü strateq olmalıdır”.

Asəf müəllim məktəbin icmalarla əlaqəsinin vacibliyini qeyd edərək vurğulayıb ki,  məktəb valideynlərlə sıx əlaqədə olmalıdır:

“Valideyn “mənim uşağım” anlayışından “mən və övladımın təhsil aldığı  məktəb” anlayışına keçməlidir. Təhsil qanunvericiliyi də buna xidmət edir.

Amma mən 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunla qətiyyən razı deyiləm. İcmanı məktəbin idarə olunmasına dəvət etməliyik. Amma bizdə məktəbin ali orqanı hələ də Sovetlərin mirası – Pedaqoji Şuradır. Hələ də hökmranlıq Pedaqoji Şurada qalır. Ona görə də icmanı formalaşdırmaq, inkişaf etdirmək çətin prosesə çevrilib. Valideyn fikrinin məktəbdə nəzərə alınacağına inansa, məktəbin məsuliyyəti də artar.

Təəssüf, qanunvericilikdə dövlət ictimai xarakterdə idarəetmə haqda yazılsa da, ona dair bəndlər əsl Sovet quruluşundan miras qalmış yanaşmadır. Mən bunu cürətlə deyirəm.

Düzdür, məktəbin şurası olmalıdır. Amma 1989-cu ildə təsdiq olunan “Məktəb Şurası haqqında” Əsasnamədə göstərilirdi ki, şura tərkibinin üçdə biri müəllim,  bir o qədəri valideyn, eləcə də eyni sayı yuxarı sinif şagirdlərindən ibarət olmalı idi. Hazırda bu ənənə tamamilə unudulub. Bu kimi nümunələri Fransa məktəblərində də görmüşəm”.(AzEdu.az)

Bənzər yazılar