Dərc olunub: 22.04.2019

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də təlim keçən İqtisadiyyat və Menecment fakültəsinin (İMF) tələbələri ilə görüş keçirilib.

Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, İMF-nin dekanı, dosent İlham Rüstəmov, “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidov, təlimçi Elşad Seyidzadə və tələbələr iştirak edib.

Son illərdə ADNSU-da həyata keçirilən islahatlar barədə məlumat verən rektor, prof. Mustafa Babanlı əsas məqsədin ölkə üçün keyfiyyətli mütəxəssis yetişdirmək olduğunu qeyd edib. Universitetin “Dəvətli professor” layihəsinin əhəmiyyətindən danışan rektor M.Babanlı bildirib ki, istehsalat müəssisələrində çalışan peşəkar mütəxəssisin tələbələrlə ünsiyyətdə olması, öz təcrübələrini bölüşməsi gənclərin praktiki biliklərinin artırılması üçün çox vacibdir.

Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı “Destec Group” MMC-nin direktoru Mürşüd Həmidova “Təşəkkür plaketi” təqdim edib.

Başda rektor, professor Mustafa Babanlı olmaqla universitetin bütün kollektivinə minnətdarlığını bildirən Mürşüd Həmidov ADNSU ilə “Destec Group” arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyinə inandığını bildirib. ADNSU tələbələrinin həmişə yüksək hazırlığı ilə seçildiyini qeyd edən M.Həmidov bu tədris ilində şirkətdə istehsalat təcrübəsinə cəlb olunan 25 nəfər tələbədən 12-nin artıq işlə təmin olunduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda “Logix Academy”də təlim keçən tələbələrə seritikatlar təqdim olunub.

Qeyd edək ki, ADNSU-nun iqtisadiyyat üzrə təhsil alan bir qrup tələbəsi “Destec Group” MMC-nin nəzdində “Logix Academy”də 5 həftəlik praktiki dərslərdə iştirak edib. Aprelin 16-da təlimin yekun qiymətləndirilməsi və tələbələrin sertifikatlaşdırılması məqsədilə imtahan keçirilib.

Bənzər yazılar