Latıncadan tərcümədə “sağlam, gümrah, möhkəm” mənalarını ifadə edən vegeterian sözündən 1842-ci ildən istifadə edilməyə başlanılıb. Vegeterianlar əsasən meyvə, tərəvəz, dənli, paxlalı bitkilər və çərəzlərlə qidalanırlar.

       Vegeterianlıq təkcə ciddi riayət olunan qidalanma sistemi deyildir. Həm də insanları sülhə, sağlamlığa, ədalətə yönəldən, fəlsəfi cəhətdən mənəviyyatın saflaşması üçün seçilmiş həyat tərzidir.

       Bu üzdən də onun bir neçə növü vardır: “Laktovegeterian”lar bütün növ ət məhsullarından imtina edərək yalnız ağartı məhsullarından, baldan istifadə edirlər. “Ovo – Laktovegeterian”lar isə, ət məhsulları ilə birlikdə süd məhsullarını da rədd edirlər. Ancaq yumurtadan vaz keçmirlər. “Lakto – ovo vegetarian”lar yumurta, bal, süd, “Pesko – vegetarian”lar isə qırmızı ət və toyuq yəməyib balıq, yumurta, və süd məhsullarından istifadə edirlər. Onlardan fərqli olaraq, “Veqan” – heyvanlardan gələn bütün növ məhsullardan tamamilə imtina edib, yalnız tərəvəz və meyvə ilə qidalanırlar.

       Əslində, vegeterianlıq təkcə ət məhsullarından imtina etmək deyil, bu, ədalət və ən əsası yaşatmaq fəlsəfəsidir. Bu fəlsəfi həyat tərzinin təbliğini əsasən Buddizm, Hinduizm və Xristiyanlıq dinlərində görə bilərik. Bu məzhəblərə mənsub olan insanlar başqa canlıları öldürüb qidalanaraq yaşamağı düzgün hesab etmirlər. İnsan sülhsevər cəmiyyət, ədalətli həyat istəyirsə, gərək nəfsindən və zorakılıq meylindən uzaq olsun.

      Baxın, diqqət yetirsək görərik ki, dünyaca məşhur dahilərin əksəriyyəti öz yaradıcılıq axtarışları ərəfəsində vegeterian olmuşlar. Darvin, Homer, İsaak Nyuton, Şekspir, Siseron, Platon, Franz Kafka, Mark Twain, Mahatma Qandi, Nikola Tesla və digərləri bu sırada olanlardandır. Onların əksəriyyətinin fikrincə, hüquq da, haqq da məhz heyvanları yaşatmaqdan başlayır:

       Sokrat – heyvanları yemək arzumuz davam etdikcə, xoşbəxt olmaq, ədalətli toplum yaratmaq necə mümkün ola bilər?, Pifaqor – insan digər canlıları məhv etdikcə, sülh nədir bilməyəcək, Albert Eynşteyn isə – “Mənə elə gəlir ki, insan ət yemək üçün doğulmamışdır” demişdir.

        Leonardo Da Vinçi bu baradə daha maraqlı yanaşır – “Eynilə mənim indi etdiyim kimi, vaxt gələcək heyvanları öldürənlərlə, insan qatilləri eyni səviyyədə qəbul ediləcək” – deyir. Da Vinçinin bu fikri ilə ortaq düşüncəyə sahib müsahibimiz Ülkər Həsənli təəssüflə bildirir ki, dünyada vegeterianların sayı həmişə ət yeyən insanların sayından daha az olacaq:

“3 ildir ki, vegeterianam. Vegeterianlığı seçməyimə səbəb pişiyim oldu. Artıq 5 ildir ki, pişik saxlayıram.  Bir anlıq başa düşdüm ki, bir pişiyin qayğısını çəkdiyim halda başqa heyvanların əti ilə qidalanıram. Qidalanmaq üçün heyvanların öldürülməsi mənə düzgün gəlmədi. İndi daha rahatam. Təəssüflənirəm ki, niyə bir insanın ölümü cinayət qəbul olunduğu halda, heyvanların öldürülməsinə insanlıq bu qədər biganədir. Ətdən imtina etsəm də, hazırda bütün heyvan mənşəli qidalardan imtina edə biləcəyimi düşünmürəm. Bitki mənşəli qidalar kifayət qədər bahadır. Mən şokoladı çox sevdiyimdən onsuz qala biləcəyimi düşünmürəm. Amma zamanla bəlkə bu istəklərimin də öhdəsindən gələrəm”.

        Heyvanlara qarşı ədalətli olmağın insan hüquqları ilə birbaşa əlaqədə olmasını veqanlar daha çox təcəssüm etdirir. Yəni ətdən əlavə heyvanlardan gələn süd, yumurta, bal kimi məhsulların istifadəsi, heyvanların kölələşməsi, qəddar yollarla istismar olunması kimi qəbul edilir. Məsələn, fermalarda inəklərin sağılma və nəsil artırma prosesləri çox ağır şərtlərdə həyata keçirilir. İnəklərin bu əsnada hərəkətləri məhdudlaşdırılır. Yeni doğulan balalar anadan ayrılır. Dişi balalar süd inəyi kimi yetişdirilir, erkək heyvanlar isə “yumşaq və keyfiyyətli dəri” əldə etmək üçün öldürülür. Normal şərtlərdə 12-20 il yaşayan inəklər bu şərtlərlə ən çoxu 3 il yaşaya bilərlər.

        Yumurta istehsalında toyuqlar normal yumurtlama dönəminin xaricində, davamlı yumurta verməyə məcbur edilirlər. Dar qəfəslərdə saxlanılır və bir-birlərinə mane olmasınlar deyə dimdikləri kəsilir. Faydası olmayan cücələr isə anındaca öldürülür.

        Bal istehsalı üçün, arının qışda qidalanacağı balı alınır və yerinə qlükoz şürubu doldurulur. Bu isə arıların bəslənməsinə mənfi təsir edərək, ömürlərini qısaldır. Bundan əlavə arılar pətəkdən (yeşiklərdən) ayrılmasın deyə “kraliça” arının qanadları kəsilir.

       Bütün bu sadaladıqlarımızı təsdiq edən veqan Lamiyə Səfərovanın fikirləridir. O qeyd edir ki, “Artıq 3 il olub vegan qidalandığım, təkcə qidalarda yox, aldığım geyimlərdə, istifadə etdiyim gigiyenik vasitələrin də istehsalında heyvanların istismar olunmadığına diqqət edirəm. Veganlığı seçmə səbəbim tək deyil, ət və süd sənayesinin ətraf mühitə vurduğu ziyanın miqyası genişdir, dünyada istifadəyə yararlı torpaqların yarıdan çoxu ət sənayesindəki heyvanlara qida yetişdirmək üçünistifadə olunur, bu çox böyük rəqəmdir, çünki o torpaqlar insanlara qida yetişdirmək üçün istifadə olunsaydı, dünyada aclıqdan ölən insanlar azalardı. Bəs biz bu heyvanları yeməsək onların sayı çox artar deyənlərə demək istəyərdim ki, həmin heyvanlar insanlar tərəfindən artırılır, təbii şəkildə özləri çoxalmır, yəni ət sənayesi onları artırmasa, sayları bizim narahat olacağımız qədər artmayacaq. Təbiətdə heyvanlar bir-birini yeyir, bu təbii həyatın bir parçasıdır demək istəyənlərə deyim ki, həmin heyvanlar ətyeyəndir və şüurları bizim qədər inkişaf etməyib, əgər yeməli olduğu heyvanı öz əlləri lə öldürüb çiy yeməli olsaydıq təbiətdəki kimi düşünürəm ət yeyən insanları kütləvi şəkildə azalardı, çox təəssüf ki, ət sənayesi bu prosesi bizim üçün maskalayır. Bəs bədənim üçün lazım olan üzvi maddələri ətdən almasam necə olacaq? Lazım olan bütün maddə və mineralları bitkilərdən almaq mümkündür. Hazırki dünyada qidalanmaq üçün hansısa heyvanın həyatına son qoymağa ehtiyac yoxdur. Vegan qidalanmanın müsbət tərəfləri çoxdur, özümü gümrah hiss edirəm, həzm sistemimlə bağlı problem yaşamıram və veganlığı seçdikdən sonra sağlam qidalanma ilə bağlı çox araşdırma etmişəm və daha şuürlu, sağlam qidalanmağa çalışıram”.

        Bütün yazdıqlarımızı ümumiləşdirsək; dünyada ətlə qidalanma azaldılsa, istixana qazlarından istifadə ¼-ə qədər aşağı düşəcək, heyvanların bəslənilməsi üçün otlaqlara çevirlən sahələr meşələrə çevriləcək, karbon qazının miqdarı azalacaq, ürək-damar, şəkərli diabet, infarkt və xərçəng xəstəliklərindən ölənlərin sayı 10 dəfə aşağı düşəcək. Əslində, yaşamaq üçün heyvanlara ehtiyacımız yoxdur, onların ətləri olmasa da, insan orqanizmi üçün lazım olan bütün qida maddələri bitkilərdə vardır.

Xanım Cəfərova, jurnalist

mektebgushesi.az

Bənzər yazılar