Yaranmış vəziyyətlə bağlı təhsil eksperti Nadir İsrafilov Təhsil Nazirliyinin mövqeyini dəstəklədiyini bildirib. O hesab edir ki, dini ayrıca bir fənn kimi tədris etməkdənsə, “Həyat bilgisi” və tarix kitablarında dini bilgiləri genişləndirmək daha məqsədəuyğundur. “Bu məsələ son illər geniş şəkildə müzakirə edilir. Bəziləri onun vacib olduğunu deyir, bəziləri isə əksini söyləyirlər.

Dəfələrlə bu məsələ müzakirəyə çıxarılıb və hər dəfə də birmənalı qarşılanmayıb. Ona görə də konkret fikir söyləmək çətindir. Din bizim mənəvi dəyərlərimizdən biridir, onu bilmək, öyrənmək lazımdır. Bizdə dini anlama çox aşağı səviyyədədir. Bizə dini maarifləndirmə lazımdır, ancaq hələlik müxtəlif fənlərin tərkibində bu iş həyata keçirilməlidir. Bilirsiniz ki, bəzi məsələlərin tədrisi dəfələrlə gündəmə gətirilib.

Bir vaxtlar dedilər ki, orta məktəblərdə multikulturalizm tədris edilsin, cinsi tərbiyə keçilsin. Bizdə onsuz da tədris proqramı ağırdır. Şagirdləri çox yükləmək olmaz. 

Orta məktəblərdə “Həyat bilgisi” tədris edilir. Bu dərsliyin içində dinlə bağlı məsələləri genişləndirmək, məlumatları daha ətraflı şəkildə vermək lazımdır. Azərbaycan tarixinin uzun bir dövrü dinlə bağlıdır. Bu məsələlər dərsliklərdə bir qədər təkmilləşdirilməlidir. Hazırda dinin məktəbə gəlməsi məsələsində ciddi problem kadrların yoxluğu ilə bağlıdır. Ölkə başçısının sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb, ixtisaslı kadr problemi həll edildikdən sonra bu məsələni gündəmə gətirmək olar. Ancaq hesab edirəm ki, dinin ayrıca bir fənn kimi tədrisinə hazırda ehtiyac yoxdur. Mən Təhsil Nazirliyinin mövqeyini dəstəkləyirəm. “Həyat bilgisi” dərsliyi təkmilləşdirilməlidir. Çünki bu dərslikdə dini anlam daşıyan materiallar azdır.

O ki, qaldı dinin ayrıca bir fənn kimi tədrisinə, İlahiyyat İnstitutu kadr hazırlayandan və bizim potensialımız olandan sonra bu məsələyə bir daha baxmaq olar” – deyə N.İsrafilov bildirib.

Bənzər yazılar