Dərc olunub: 03.06.2019

“1992-ci ildən etibarən DİM tərəfindən qəbul imtahanları test üsulu ilə keçirilib. İlk dəfə 700 bal 2007-ci ildən toplanıb. Yəni, 15 ildən sonra maksimal bal toplanıb”

“Əslində təhsilin keyfiyyəti və imtahan iştirakçılarının bilik səviyyəsi 700 balı toplayan abituriyentlərin sayı ilə ölçülməməlidir”


1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Maksimum bal toplayan yoxdur.
Həmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan şagirdlərin adını tanıyar və tanımaza-bilməzə onlarla qürur duyardıq.
Amma son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan olmadı. Maraqlıdır, buna səbəb nədir, sualların əvvəlki illərə nisbətən çətinləşməsi yoxsa təhsilin zəifləməsi?
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə “Sherg.az”a açıqlamasında bildirdi ki, qəbul imtahanları hələ tam olaraq yekunlaşmayıb. Ona görə də indidən 700 bal toplayan şagirdlərin olmadığını iddia etmək tezdir:
“Ali məktəbə qəbul olmaq üçün bu ildən etibarən abituriyentlərin buraxılış və ixtisas qrupları üzrə imtahanlarda topladıqları ballar cəmlənir. İmtahanın ikinci mərhələsi isə yaz və yay imtahan sessiyası olmaqla iki dəfə keçirilir. Yaz imtahan sessiyası artıq bitib və hazırda yay imtahanlarına qeydiyyat davam edir.Yəni, imtahanlar hələ başa çatmayıb. Ona görə də 700 bal toplayan abituriyentlərin olmadığına dair təssüratların formalaşması düzgün deyil. Gərək hər iki imtahan başa çatsın ki, dəqiq fikir bildirmək mümkün olsun. İmtahanların ikisi də bitdikdən sonra tam olaraq əlimizdə abituriyentlərin nəticəsi olur”.
X.Xanlarzadə qeyd edib ki, imtahan nəticələrinin dəyərləndirilməsi 700 bal toplayan abituriyentlərin sayı ilə müəyyən olunmamalıdır:
“Çünki qəbul imtahanlarında on minlərlə abituriyent iştirak edir. Bir neçə nəfərin maksimal bal toplaması həmin imtahan haqqında bizə dolğun və düzgün informasiya vermir. İmtahan iştirakçılarının nəticələrinin qiymətləndirilməsi 700 bal toplayan abituriyentlərin sayı ilə ölçülməli deyil.
1992-ci ildən etibarən DİM tərəfindən qəbul imtahanları test üsulu ilə keçirilib. İlk dəfə 700 bal 2007-ci ildən toplanıb. Yəni, 15 ildən sonra maksimal bal toplanıb. Daha sonra isə 2008-ci ildə 6 nəfər, 2009-cu ildə 2 nəfər, 2010-cu ildə 7 nəfər, 2011-ci ildə 4 nəfər maksimal bal toplaya bilib. Yəni, bu illərə görə statistika dəyişib. İndi isə ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli əsasında şagirdlər ilk dəfədir ki, imtahan verirlər. Abituriyentlərin yenə də 700 bal toplamaq şansı var. Çünki imtahanın ikinci mərhələsi hələ qabaqdadır. Əslində təhsilin keyfiyyəti və imtahan iştirakçılarının bilik səviyyəsi 700 balı toplayan abituriyentlərin sayı ilə ölçülməməlidir”.
Ekspertin sözlərinə görə, builki qəbul imtahanı qaydalarını daha da liberallaşdırılıb:
“Əvvəlki illərdə də şagirdlər buraxılış imtahanından keçirdilər, daha sonra isə 5 fəndən qəbul imtahanı verməli idilər. Amma indiki buraxılış imtahanı həm yekun attestasiya , həm kolleclərə qəbul , həm də qəbul imtahanlarının ilk mərhələsidir və şagirdlər 3 fənn üzrə imtahan verilir. İkinci mərhələdə isə ixtisas qrupları üzrə əvvəlki kimi 5 deyil, 3 fəndən imtahan verirlər. Yəni, şagirdlərin imtahan yükü daha da azaldılıb.
İmtahanın müddəti ilə bağlı qaydalar da sadələşdirilib. Abituriyentlərə imtahanın 1-ci mərhələsində 85 sual üçün 3 saat vaxt verilir, 2-ci mərhələdə isə ixtisas qrupları üzrə 3 fənndən 90 sual təqdim olunur. Bu zaman da 3 saat vaxt verilir. Faktiki olaraq əvvəlki illərdə abituriyentlər 125 sualı 3 saat müddətində cavablandırırdılar. İndi isə 85 və 90 suala ayrı-ayrılıqda 3 saat vaxt verilir”.
X.Xanlarzadə bildirib ki, yeni qəbul qaydalarının üstünlüklərindən biri müsabiqə şərtlərinin daha da sadələşdirilməsidir:
“Əvvəllər dövlət sifarişli yerlərə qəbul olmaq üçün bütün fənlər üzrə nisbi bal məhdudiyyəti ödənilməli, minimal olaraq 250-300 bal yığılmalı idi. İndi isə müsabiqə şərti vahiddir, ümumi olaraq 200 bal, ikinci mərhələdən isə 100 bal toplamaqla abituriyent ödənişli və dövlət sifarişli yerləri seçə bilər.
İmtahanlar tam başa çatmayıb. Hələ yay imtahan sessiyası qabaqdadır. 700 bal toplayanların sayı ilə imtahan nəticələri ilə bağlı ümumi fikir söyləmək yanlışdır. Təbii ki, maksimal bal toplayanların olması yaxşı haldır. Amma təhsil keyfiyyətini bu faktorla ölçmək doğru deyil”.

Bənzər yazılar