İyunun 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” qeyd edilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənclərə gələcək həyatlarında və müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb, onların müstəqil ölkəmizin hərtərəfli inkişafına layiqli töhfə verəcəklərinə əminliyini söyləyib.

Rektor Cəfər Cəfərov qeyd edib ki, müəllimlik şərəfli, müqəddəs, eyni zamanda, məsuliyyətli peşədir. Bu il ADPU-nu 8 fakültədə əyani təhsil üzrə 2193 nəfər, 7 fakültədə qiyabi təhsil üzrə 136 nəfər – ümumilikdə 2329 nəfər məzun bitirir. Bütövlükdə bu il ADPU-nu filiallar və Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 4601 məzun bitirir.

Rektor çıxışında vurğulayıb ki, son illər ölkəmizdə müəllim peşəsinin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verir, respublikada müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması üçün ardıcıl addımlar atılır. Dövlətimizin başçısını müvafiq sərəncamlarına əsasən müəllimlərin aylıq vəzifə maaşlarının sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması da bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır.

Çıxışının sonunda rektor məzunlara elmi yenilikləri dərindən öyrənməyi, bilik və bacarıqları artırmağı, müasir düşüncəli gənclər kimi formalaşmağı, fəal və ləyaqətli vətəndaş olmağı, milli-mənəvi dəyərlərimizi yüksək tutmağı, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməyi tövsiyə edib.

Sonra təhsildə, ictimai fəaliyyətdə və idmanda xüsusi fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub. Tədbir tələbələrin, gənc müğənnilərin və tanınmış incəsənət ustalarının hazırladıqları konsert proqramı ilə davam edib.

Bənzər yazılar