Təhsil hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı məsələlərin həlli, ilk növbədə, bu sahənin tərəqqisindən asılıdır. Sevindirici haldır ki, Naxçıvanda elm və təhsil muxtariyyət illərində böyük inkişaf yolu keçib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.

Konfransın plenar iclasındakı çıxışında institutun rektoru, dosent Elbrus İsayev deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiq olunub. Onun icrası istiqamətində ötən dövr ərzində müxtəlif səpkili tədbirlər keçirilib, aparılan işlər Naxçıvanın muxtariyyət tarixinin daha dərindən araşdırılaraq öyrənilməsi və gənc nəslə aşılanmasına böyük imkanlar açıb. “Muxtariyyətin bəhrələri: Naxçıvanda elm və təhsil” mövzusunda elmi konfrans da keçirilən tədbirlərin davamıdır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Muxtariyyət illərində Naxçıvanda elmin inkişafına dövlət qayğısı” mövzusundakı çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni mərhələ başlanıb, həyatın bütün sahələrində, o cümlədən elmin, təhsilin inkişafı istiqamətində məqsədyönlü addımlar atılıb. Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan səmərəli istifadə etmək, diyarın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsinin yaradılması muxtar respublikada elmin daha da inkişaf etməsinə əlverişli şərait yaradıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elmin, təhsilin və mədəniyyətin inkişafı istiqamətində apardığı fədakar iş müəyyən olunmuş dövlət siyasətinin uğurla həyata keçirilməsinə səbəb olub. Elmi-tədqiqat və ali təhsil müəssisələrinin tədqiqatları üçün ən yaxşı təchiz edilmiş şöbə və laboratoriyalar yaradılıb.

Diqqətə çatdırılıb ki, elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 1998-2018-ci illərdə muxtar respublikada fəaliyyət göstərən tədqiqatçılardan 182-si fəlsəfə doktoru, 24-ü isə elmlər doktoru dissertasiyası müdafiə edib. Hazırda muxtar respublikada 43 elmlər doktoru, 300-dən çox fəlsəfə doktoru fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasına 2003, 2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 12-si müxbir üzv seçilib.

“Muxtar respublikada təhsil quruculuğu: tarixi və müasir vəziyyəti” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, müstəqillik illərinin ilk dövründən başlayaraq yeni inkişaf yoluna qədəm qoyan muxtar respublikamızda müasir təhsil modeli formalaşdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil sahəsini prioritet istiqamət elan etməsi, bu sahəyə çox böyük əhəmiyyət verməsi təhsil həyatının yüksəlişinə səbəb olub, muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün müasir binalar tikilib, ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5500-dən çox kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb. Laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilib.

Vurğulanıb ki, 2010-cu ildən gənc kadrlar üçün stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi, 2018-ci ildən müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 20 iyun tarixli Sərəncamına əsasən sentyabrın 1-dən diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının 20 faiz artırılması muxtar respublikada müəllim peşəsinə və əməyinə verilən yüksək qiymətin, müəllimlərin maddi rifahlarının yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Elmi konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Naxçıvan Dövlət Universiteti muxtariyyətin bəhrəsidir” və “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev “Naxçıvanda ali təhsil: dünən və bu gün” mövzularında çıxış ediblər.

Sonra Naxçıvan televiziyasının hazırladığı “Naxçıvanda elm və təhsil” televiziya filmi nümayiş etdirilib, Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan sərgiyə baxış olub.

Elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

mektebgushesi.az

Bənzər yazılar