Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Məzun günü” Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev məzunları, onların valideynlərini və qonaqları əlamətdar gün münasibətilə təbrik edərək, rəhbəri olduğu kollektivin uğurlarından danışıb.

Tədbirdə Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdir müavini Eldəniz Rüstəmov, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədov, Xəzər Rayon Gənclər və İdman İdarəsinin müdiri Vüqar Əliyev çıxış ediblər. Çıxışçılar məzunlara uğurlar arzulayıb, onların ölkəmizin bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə töhfə verəcəklərinə əminliklərini söyləyiblər.

Məzunlar onların qayğısını çəkən, peşənin sirlərini səylə, səbirlə öyrədən, hərtərəfli inkişaf etmiş sənətkar kimi formalaşmalarına çalışan ustalara, müəllimlərə minnətdarlıqlarını bildiriblər.

Sonra təhsildə fərqlənən tələbələrə “Təşəkkürnamə” təqdim edilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan “Tarixin canlı səhifələri” VII gənclər festivalında iştirak etmiş tələbələri diplomla təltif olunublar.

Sonda Mərkəzin interyer və eksteryerin bədii tərtibatçısı, zərgər, xalçaçı, kostyum ustası və dərzi ixtisaslarında təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş edilib.

Bənzər yazılar