Azərbaycan Dillər Universiteti (ADU) keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət ruhunda gənc nəsil yetişdirir. 2018-ci ilin oktyabr ayından ADU-nun nəzdində fəaliyyətə başlayan Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir. Universitetin rektoru, akademik Kamal Abdulla tərəfindən mərkəzin qarşısında önəmli məqsədlər qoyulub. Bu məqsədlərdən biri də müəllimlərin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimlər təşkil etməkdir.

Mərkəzin direktor əvəzi Elçin Hüseynov AZƏRTAC-a bildirib ki, Azərbaycanda ingilis dilini öyrənənlərə və müəllimlərə dəstək üçün bir sıra layihələr təşkil edilir. Mərkəz ingilis dili üzrə tədris proqramlarını təlim sessiyaları vasitəsilə həyata keçirir. Məqsəd dil öyrənənlərin, eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq və onlara yeni perspektivlər təklif etməkdir. Bu məqsədlə mərkəzdə indiyədək TKT – “Teaching Knowledge Test” (tədris bilik və bacarıqları üzrə test) təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, “Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, “Diplomatik tərcümə” üzrə təlim təşkil olunub. Təlimlərdə ümumilikdə 250 nəfər iştirak edib. Təlimlər Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Avrasiya Universiteti ilə əməkdaşlıq çərçivəsində reallaşıb. Bu ali məktəblərdən tələbə və müəllimlər mərkəzdə keçirilən təlimlərdə fəal iştirak edib və sonda sertifikatlarla təltif olunublar.

TKT dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır. TKT hazırda dərs deyən, lakin beynəlxalq səviyyədə ixtisaslaşmaq üçün öz təcrübələrini təsdiqlətmək istəyənlər, eyni zamanda, öz tədris bacarıqlarını artıraraq, karyera imkanlarını genişləndirmək istəyənlər və tədris bacarıqlarını müasir metodlara uyğunlaşdırmaq istəyənlər üçün ideal təlimdir. TKT təliminin imtahanı bir neçə moduldan ibarətdir. Təlim iştirakçıları onların hamısını və ya yalnız ehtiyacına uyğun olanı seçə bilərlər. İştirakçının modulların zamanını və növünü seçmək, eyni zamanda, hər bir modul üçün sertifikat əldə etmək seçimi var.

Dil və Tərcümə Xidmətləri Mərkəzi peşəkar insanların öz potensialını artırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə təlimlər, eyni zamanda, imtahanlar təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanlar nəticəsində əldə olunan sertifikatlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilər üçün qoyduğu qaçılmaz tələb xarakteri alır. Təlimlərlə yanaşı, yeni tədris ilindən ADU-da ilk dəfə həm bu təhsil ocağının, həm də digər universitetlərin tələbələri üçün magistratura hazırlığına başlanılacaq. Artıq yüzə yaxın tələbə qeydiyyatdan keçib.

“Sonda bütün müəllimlərə, tələbələrə müraciət edərək bildirmək istərdim ki, biliklərinizi daha da artırmaq istəyirsinizsə, Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir. Bunun üçün çox əlverişli şərait mövcuddur və mərkəz müasir təhsil və tədris standartlarına uyğundur. Bu imkanlardan maksimum yararlanın”, – deyə E.Hüseynov bildirib.

Bənzər yazılar