Dərc olunub: 03.07.2019

İyulun 2-də Milli Məclisin Elm və Təhsil Komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclası keçirilib.

İclasda təhsil sistemi üçün çox önəmli rol oynayacaq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına razılıq verib.

İşçi Qrupunun tərkibinə Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və Təhsil Komitəsinin sədri, akademik  İsa Həbibbəyli  İşçi Qrupunun rəhbəri, millət vəkili, professor Bəxtiyar Əliyev  və Təhsil nazirinin müavini  İdris İsayev isə müavinlər seçiliblər.

AzEdu.az İşçi Qrupunun gələcək fəaliyyəti haqqında Elm və Təhsil Komitəsinin sədri, akademikİsa Həbibbəylinin fikirlərini öyrənib.

O, açıqlamasında bu qanun layihəsi üzərində  uzun zamandır ki, çalışdıqlarını vurğulayıb:

“Milli Məclisin Elm və Təhsil Komitəsi  təhsilin bütün pillələri üzrə  ayrıca qanun layihələri hazırlayıb. Bu günə kimi “Məktəbəqədər təhsil haqqında”, “Peşə Təhsili haqqında”,  və “Ümumi orta təhsil haqqında” qanun layihələri təqdim olunub. Bu qanun layihələrinin hər biri parlamentdə geniş müzakirə edilib və ölkə rəhbərliyi tərəfindən təsdiq olunub. Bu tədbirlər  təhsil prosesinə köməklik göstərib.

Növbəti qanun layihəmiz isə “Ali Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Bu gün keçirilən iclasda “Ali Təhsil haqqında” qanun layihəsi üzrə işçi qrup yaradıldı. Buraya Elm və Təhsil Komitəsinin üzvləri, deputatlar və   Təhsil Nazirliyinin, ali  məktəblərin işçiləri daxil edilib. Həmçinin, buraya vətəndaş cəmiyyətinin nümayəndələri də əlavə olunub.

Bu gün keçirilən iclasda Azərbaycan Respublikasının “Ali təhsil haqqında” qanununun prinsipləri, hədəfləri, strategiyası  kimi məsələlər barədə  fikir mübadiləsi aparılıb. Burada Milli Məclisin deputatları, Təhsil Nazirliyinin nümayəndələri hazırlanacaq qanunda  nələrə ciddi fikir verilməli olduğunu müzakirə ediblər. Onu da deyim ki,  aparılan danışıqlar ”Ali təhsil haqqında” qanun layihəsinin formalaşması üçün zəruri şərtlərdən biri olacaq”.

İsa Həbibbəyli  ali təhsilin gələcək hədəfləri barədə məlumat verib:

“Gələcək təhsil hədəflərimizə dövlət və özəl  ali təhsil müəssisələrinin təsis edilməsi, onun idarə olunması, maliyələşdirilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və bir çox  məsələlər müzakirə olunacaq. Eyni zamanda  ölkə Prezidenti İlham Əliyevin  “Ali məktəblərin  beynəlxalq rəqabət  qabiliyyətinin artırılması haqqında” təsdiq etdiyi proqrama uyğun olaraq,  ali məktəblərinin dünya standartları  səviyyəsində inkişaf etdirilməsi ilə bağlı məsələlər də prioritet istiqamətlərdən birinə çevrilib.

Hesab edirəm ki, bu müzakirələr yeni və mükəmməl bir qanunun hazırlanmasına köməklik edəcək”.

Bənzər yazılar