ADA Universitetində Avropa İttifaqı üzrə Bilik Mərkəzi, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbi, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, BP və SOCAR-ın birgə əməkdaşlığı ilə işə keçirilən birhəftəlik Regional Enerji Təhlükəsizliyi Simpoziumu bu gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, simpoziumun sonuncu günündə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer və Türkiyə səfiri Erkan Özoral təmsil etdikləri ölkələrin enerji təhlükəsizliyində rolu, bu sahədə aktual məsələlər barədə çıxış ediblər.

ABŞ səfiri Örl Litzenberqer Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu layihələrdən danışıb. Vurğulayıb ki, ABŞ Azərbaycanın müstəqillik əldə etdiyi gündən bəri iqtisadiyyat və siyasətin bütün sahələrində əməkdaşlıq edərək ölkənin müstəqilliyini, sabitliyini və rifahını həmişə dəstəkləyib. ABŞ, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsini və ona qoşulan şirkətləri dəstəkləyir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki dövlətin birgə həyata keçirdiyi uğurlu layihələr – TANAP, TAP və digərlərindən danışıb.

Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin şöbə müdiri Rəşad Novruz Azərbaycan üçün enerji təhlükəsizliyi mövzusunda prioritet məsələlər və bu sahədə beynəlxalq əməkdaşlıq barədə fikirlərini iştirakçılarla bölüşüb. O, Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyasının təkcə Qafqaz üçün deyil, həmçinin Avropa ölkələri üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Simpoziumda iştirakçılar NATO-nun enerji təhlükəsizliyində rolu, regional geosiyasət, enerji siyasəti, enerji sistemlərinə təhlükə və enerji infrastrukturunun müdafiəsi kimi mövzularda biliklərini zənginləşdirmək imkanı əldə ediblər.

Simpoziumun əsas məqsədi məlumatlandırma yolu ilə regional enerji təhlükəsizliyinin və dayanıqlılığının artırılması, regional və qurumlararası əlaqələndirmənin, eləcə də sektorlararası əməkdaşlığın inkişaf etdirilməsidir.

Sessiyalar NATO və NPS-in ekspertləri və təhlükəsizlik sahəsində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən keçirilib.

Simpoziumda enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Türkiyə və Gürcüstandan özəl və dövlət sektorunda çalışan nümayəndələr iştirak ediblər.

Bənzər yazılar