İyulun 5-də ADA Universitetində “PWC Azerbaijan” şirkətinin dəstəyi ilə ADA Universitetinin ikigünlük Məzun Forumu öz işinə başlayıb.

Mektebgushesi.az xəbər verir ki, tədbiri açan Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumun davamlı maarifləndirmə, innovativ yanaşma, şəbəkələşmə və yeni əməkdaşlıq üçün platforma yaratmaq məqsədilə keçirildiyini bildirib. Qeyd edib ki, ingilis dilində təhsil verən dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti təsis ediləndən bəri bakalavr və magistr proqramları üzrə 1300 nəfərdən çox məzun buraxıb. Onlardan 44-ü müxtəlif ölkələri təmsil edib.

“PWC Azerbaijan” şirkətinin partnyoru Fəxri Mustafayev çıxışında təhsil müəssisələri ilə biznes qurumları arasında güclü tərəfdaşlıq qurulmasının əhəmiyyətindən danışıb. O, ADA Universiteti ilə “PWC Azerbaijan” şirkəti arasında uğurlu partnyorluq münasibətləri olduğunu bildirib.

Sonra forumun əsas mövzusu üzrə tanınmış alim, ADA Universiteti rektorunun müşaviri, akademik Roald Saqdeyev çıxış edib. O, təqdimatında rəqəmsal texnologiyanın keçdiyi inkişaf yolu və onların universitet həyatına, müəllim və tələbələrə necə təsir edəcəyi barədə danışıb. Həmçinin müasir dövrdə süni intellekt texnologiyasının, robotların, virtual reallıq texnologiyalarının insanların işgüzar və sosial həyatına gələcəkdə mümkün təsirlərini qeyd edib. Akademik Roald Saqdeyev süni intellekt texnologiyasının daha geniş tətbiq olunduğunu, bu sahədən hətta ölkələrin beynəlxalq münasibətlərinin proqnozlaşdırılmasında, hərbi strategiyalarının hazırlanmasında istifadə olunduğunu bildirib.

Forum çərçivəsində davam edən müzakirələrə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və digərləri qatılıblar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov “Qlobal idarəetmə” mövzusunda sessiyada çıxış edib.

Bənzər yazılar