Dərc olunub: 18.07.2019

10 min kasıba, internat uşaqlarına pulsuz məktəbli formaları veriləcək

Təhsil Nazirliyi aztəminatlı ailələrin övladları, internatlarda təhsil alan uşaqlar üçün 10 min məktəbli forması sifariş edib. Məqsəd aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaqdır. Bu barədə məlumatı Sputnik Azərbaycan-a “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.
E.Əzimov bildirib ki, Təhsil Nazirliyi aztəminatlı və valideyn himayəsindən məhrum olan uşaqların təhsilinə dəstək olmaq kimi nəcib təşəbbüsü hər il davam etdirir. “Bu il də nazirlik 10 min məktəbli formasının alınaraq aztəminatlı ailələrdə və internat məktəblərində böyüyən uşaqlara verilməsi üçün bizə müraciət edib. Məktəbli forması Təhsil Nazirliyinin hesabına alınaraq uşaqlara paylanacaq”.
Sovet illərində biz oxşar təşəbbüsləri görərdik. O illərdə də sosial vəziyyəti aşağı olan ailələrin övladlarına məktəbli forması, kitab, dəftər pulsuz paylanardı. Sinif müəllimlərinə şagirdlər arasında ailəsinin maddi durumu aşağı olan uşaqların siyahısını hazırlamaq tapşırılırdı, məktəb rəhbərliyi bu siyahı əsasında şagirdlərə yardımın təşkil edilməsini həyata keçirirdi. Bu da sosial paylaşmanın bir növüdür. İndi Təhsil Nazirliyi belə bir təşəbbüslə çıxış edibsə, əlbəttə, sevindiricidir. Sadəcə, sual doğuran budur ki, aztəminatlı ailələrə mənsub şagirdlər necə, hansı yolla  müəyyən ediləcək və onlara yardımlar hansı yolla çatdırılacaq?
Təhsil eksperti Kamran Əsədov da “Şərq”ə açıqlamasında Təhsil Nazirliyinin bu təşəbbüsünün alqışalayiq olduğunu dedi:
– Çox gözəl təşəbbüsdür. Azərbaycan Konstitusiyası, eləcə də “Təhsil haqqında” qanuna görə dövlət istedadlı uşaqların, aztəminatlı ailələrin təminatını, təhsil xərclərini öz üzərinə götürür. Azərbaycanda təhsil müəssisələrinin 50 faizi pulsuz təhsil verir. Müəyyən ailələr var ki, maddi imkansızlıqdan məktəb ləvazimatlarını, məktəbli formasını vaxtında ala bilmirlər. Çoxuşaqlı ailələrdə bu, xüsusilə hiss olunur. Ailədə bir neçə uşaq varsa, görürsən ki, sıxıntı yaranır, bəzən uşaqlar maddi sıxıntıdan təhsillərini davam etdirə bilmir. Ona görə də Azərbaycan dövləti təhsilin əlçatanlığını qarşıya məqsəd qoyub, aztəminatlı ailələrə məktəbli formalarının pulsuz verilməsi də bu məqsədin həyata keçməsi üçün atılan addımdır. 
Proses necə həyata keçiriləcək? Bu iş Dövlət Sosial Müdafiə Fondu ilə birgə icra olunacaq. DCF sosial kart sahibi olan vətəndaşlar, müavinət alanlar, əlillər, şəhid ailələri, çoxuşaqlı ailələr barədə elektron məlumat bazasına malikdir. Kimin hansı ünvanda yaşadığı, uşaqların hansı otra məktəbdə təhsil aldığı, hər bir məlumat orada var. 
Məktəbli forması paylanacaq şagirdlər məktəblər üzrə müəyyən ediləcək və həmin məktəblərə ehtiyaclı şagirdlərin sayı qədər məktəbli forması göndəriləcək. Bu da həm təhsilin əlçatanlığının təmin olunmasına, həm də təhsilin əhatə dairəsinin genişlənməsinə səbəb olacaq. Bilirsiz ki, orta məktəblərdə bütün dərsliklər də pulsuz paylanır. 
Dövlətin təhsil siyasəti budur. Hardasa, kimlərsə neqativ hallara imkan yaradırsa, onlar haqqında mütləq məlumat verilməlidir

Bənzər yazılar