Dərc olunub: 29.07.2019

2018-2019-cu tədris ilində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı”nı bitirən məzunlara sertifikatların təqdimat mərasimi keçirilib.

Proqram “British Council” təşkilatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və turizm sektorundan olan əsas tərəfdaşlar tərəfindən həyata keçirilir.

Mərasimdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, “British Council”ın Azərbaycan filialının direktoru Samr Şah çıxış edərək proqram, onun məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, proqram peşə təhsili sektorundan olan məzunların bilik və bacarıqlarını təkmilləşdirməklə onlar üçün məşğulluq imkanlarının artırılması məqsədilə yaradılıb. Hər il məzunların 60 faizinin turizm, qonaq qəbulu və xidmət sektorlarındakı aparıcı müəssisələrdən iş təklifi alması gözlənilir.

Birləşmiş Krallığın sahibkarların təşəbbüsünə əsaslanan bacarıqlara və keyfiyyətə zəmanət üzrə təcrübəli People1st UK təşkilatı 20 nəfər təlim keçib və müxtəlif peşə təhsili müəssisələrində təhsil alan aşpazlar, mehmanxana qapıçıları və təmizlik işçilərini təlim materialları ilə təmin edib. 2018-2019-cu illər üzrə proqrama cəlb edilmiş tələbələr Azərbaycanda aparıcı beş ulduzlu otellərdə təcrübə və peşə təlimi keçib və praktik iş təcrübəsi vasitəsilə turizm və qonaq qəbulu sektorlarında öz karyeralarına qədəm qoyublar.

Digər çıxış edənlər proqramla bağlı fikirlərini bildirib, onun peşə təhsilinə töhfə verəcəyinə əminliklərini vurğulayıblar.

Sonra proqramı uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub.

Bənzər yazılar