Mektebgushesi.az Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun TED.az -a verdiyi müsahibəni təqdim edir.

Müsahibimiz sosial şəbəkələrin milli-mənəvi dəyərlərimizə təsirindən, Aİİ-də istifadə olunan müasir İKT avadanlıqlarından, Feysbuk fəaliyyətindən danışdı.

Ceyhun müəllim,  sosial şəbəkələrdə fəalsınız. Yəqin ki, insanları da müşahidə edirsiniz. Müşahidələriniz sizə nə deyir?

Bu gün, həm sosial şəbəkələr, həm də informasiya texnologiyaları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Mən sosial şəbəkələrdən çox istifadə edirəm. Düşünürəm ki, sosial şəbəkə platformalarının gücü həddindən artıq çoxdur. Sosial şəbəkələr açıq meydandır, hər kəs fikrini sərbəst ifadə edə bilər. Lakin, hər bir insanın daxilində müəyyən senzura olmalıdır ki, bir  fikri yazmadan öncə düşünsün. Məsələn, bəzən bir şəxs zərərli, yanlış bir  fikir yayır və bu istər-istəməz insanların beynində  iz buraxır. Bəzi insanlar o mövzu haqqında məlumatlı olub inanmır, bəziləri isə  inanırlar. Bəzən də  maraqlı, ağıllı fikir paylaşırlar, ona bəyənmə sayı az olur. Ancaq şou xarakterli bir məlumat yayıldıqda onun bəyənməsi daha çox olur.

Biz çalışıb sosial şəbəkələrdə Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərimizi təbliğ etməliyik. Məncə, sosial şəbəkələrdən istifadə ilə bağlı maarifləndirmə işləri aparılmalı, seminarlar, treninqlər təşkil olunmalıdır. Burada senzuradan söhbət getmir. Məqsəd, milli təhlükəsizliyin ön planda olmasıdır. Azərbaycanda senzura yoxdur və hər kəs fikirlərində azaddır. Amma elə məsələlər var ki, bizim orada diqqətli olmağımıza ehtiyac var. Bu bizim ümummilli məsələlərdir. Təhqir və insanların heysiyyətinə toxunacaq məqamlardan uzaq olmaq lazımdır. Bir fikir, məzmunundan asılı olaraq, insanların əhval-ruhiyyəsinə  həm müsbət, həm də mənfi təsir edə bilər. Hər bir sosial şəbəkənin özünün yaranma məqsədi, funksiyası mütləq nəzərə alınmalıdır. Mən istərdim ki, biz onların müsbət tərəflərindən yararlanaraq milli ənənələrimizi, tariximizi, mədəniyyətimizi təbliğ edək. Yekun olaraq deyə bilərəm ki, sosial şəbəkələrin, onun istifadəçilərinə  faydası  zərərindən daha çoxdur.

İnternetin, sosial şəbəkələrin Azərbaycanın milli-mənəvi dəyərələrinə olan təsirləri haqqında nə deyə bilərsiniz?

Məncə, dini maarifləndirmənin, araşdırmaların aparılmasında müasir İKT avadanlıqlarının, internetin, sosial şəbəkələrin rolu  böyükdür. Əvvəlki dövrlərə baxdıqda, əlbəttə ki, bizim informasiya yayma  imkanlarımız daha genişdir. Qeyd etmək lazımdır ki, bəzən sosial şəbəkələr ənənəvi medianı üstələyir. Sosial şəbəkə platformaları insanları daha çox cəlb edir, onun istifadəçisi daha çoxdur. Bir məlumat sosial şəbəkə vasitəsilə daha geniş auditoriyaya çatdırılır. Ümumiyyətlə, birmənalı olaraq, hər bir məsələnin müsbət və mənfi tərəfləri var. Bu gün sosial şəbəkələrdə müxtəlif istiqamətlərdə təbliğat gedir. Burada kimin qalib olması, kimin işini düzgün qurması, kimin daha çox auditoriya cəlb edə bilməsi rol oynayır. Hazırda reallıq budur ki, radikal qruplar sosial şəbəkələrdən çox məharətlə istifadə edə bilirlər. Burada günahı bilavasitə sosial şəbəkələrdə axtarmaq düzgün deyil. Məsələ sözügedən tərəfin daha fəal olmasıdır. Bəzən müəyyən mənada passivlik olduqda, digər qruplar fəal surətdə öz fikirlərini insanlara çatdırmağa çalışırlar. Bir neçə il bundan əvvələ qayıtdıqda insanların, həm informasiya ötürmək, həm də informasiya almaq imkanları  məhdud idi. Elə yaxın sovet dövründə qadağaların hökm sürdüyü bir vaxtda  bu qədər inkişaf yox idi. Ancaq bu gün müasir dövrümüzdə çox sürətli inkişaf gedir. Məncə, hər bir məqamda dəyərlər və prinsiplər qorunmalıdır. Bir fikirlə mübarizə aparmağın ən yaxşı yolu, ona alternativ təklif edib müzakirəyə qoymaqdır.

Sosial şəbəkə üzərindən sual-cavab təcrübəsinə  necə baxırsınız? Bu təcrübədən necə istifadə edirsiniz?

Öncə onu qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yarandığı gündən həm mediaya, həm də tələbələrə açıq oldu. Biz sosial şəbəkə vasitəsilə öz fəaliyyətimizi, gördüyümüz işləri cəmiyyətə çatdırırıq. Bəzən çətin və yorucu  olmasına baxmayarq, sosial şəbəkələrdə çox fəalam. Bu gün Aİİ-nin işinin qurulmasında sosial şəbəkələr bizə çox böyük imkanlar verir. Mən sosial şəbəkələr üzərindən tələbələrlə davamlı olaraq ünsiyyətdə oluram, onların fikirlərini öyrənirəm. Bu gün iş fəaliyyətimdə ən çox istifadə etdiyim məlumat mübadilələrindən biri “Messenger”dir. Bu, asan ünsiyyət vasitəsi olduğundan, əməkdaşlar və tələbələrlə operativ əlaqə yaradıb  müzakirələr edirik. Bəzən valideynlər, bəzən tələbələr, bəzən isə dostlar yazır. Müəyyən təkliflər, rəylər təqdim olunur, müzakirələr aparılır.

Hərdən  İslam dini ilə bağlı internet üzərindən araşdırma apardıqda “İslam və terrorizm”, “İslam və qadın azadlığının məhdudlaşdırılması” kimi yazılarla daha çox qarşılaşırıq. Sizcə, bu yazıların üstünlük təşkil etməsi İslam dininin məğlubiyyətidirmi?

Bu məsələ kifayət qədər mürəkkəb mövzudur. Təəssüf ki, bu gün bir neçə səbəbdən İslam dininin adı terrorla eyniləşdirilir. Bu məqsədli bir siyasətdir. Biz bilirik ki, İslam dini terroru qətiyyən qəbul etmir, lənətləyir. Bu gün müsəlman dünyası müəyyən mənada bir böhran yaşayır. Bu istiqamətdə bizim görüləsi çox işlərimiz var. Biz burada nəinki islam dini, hətta Azərbaycan həqiqətləri ilə də bağlı müəyyən fikirlərlə rastlaşırıq. Bilirsiniz, İslam dini spesifik sahədir. Bəzən dini yazılarda bir-birinə zidd fikirlərin şahidi oluruq. Din yüksək mədəniyyətdir, əxlaqdır, eyni zamanda, müəyyən qrupların əlində çox təhlükəli, güclü bir silahdır. Hətta, bundan kimsə bizim əleyhimizə də istifadə edə bilər. Ona görə də, axtarış sistemlərində düzgün məlumatların yerləşdirilməsi, o mövzuları əhatə edən saytların olması xüsusi əhəmiyyət kəsb edir. Aİİ-nin müəllimləri də çalışırlar ki, insanlara maarifləndirici, sağlam bilikləri daşıyan məlumatlar versin, həmin informasiyaları internet portallarına yerləşdirsinlər. Bəzən Azərbaycanla bağlı məlumat axtardıqda qərəzli fikirlərlə, radikal münasibətlərlə də qaşılaşırıq. Təəssüf ki, bir sıra hallarda ermənilərin Vikipediyadan, axtarış sistemlərindən məharətlə istifadə etdiklərinin şahidi oluruq, Azərbaycan tarixini saxtalaşdırdıqlarını, yanlış biliklərin təqdim olunduğunu görürük. Bu gün kimsə informasiya axtarırsa, ilk olaraq  “Google”a müraciət edir. Oradakı məlumatların səhihliyi, obyektivliyi xüsusi əhəmiyyət daşıyır.

Süni intellektin inkişafı bəşəriyyəti hara aparır?

Bilirsiniz, bü gün inkişaf çox sürətlə gedir. Bunlara müdaxilə etmək mümkün deyil. Artıq bir çox sahələrdə də insan əməyindən istifadənin azalma prosesi gedir. Burada ən vacib məqamlardan biri sözügedən istiqamətdə olan fəaliyyətə qoşulmaq və geri qalmamaqdır. Dünyanın inkişaf etmiş ölkələrində süni intellektə çox böyük önəm verilir. Bu baxımdan müsəlman ölkələrinin üzərinə də böyük vəzifələr düşür. İnkişafın əsas meyarı elm, bilik və savaddır. Bu meyarların  yüksək olduğu ölkələr çox inkişaf edir.

Ceyhun müəllim, insan əməyinin azalması məsələsinə toxundunuz. Sizcə, süni intellekt insanları əvəz edə bilərmi?

Bu gün Şərqi Asiya və Avropa ölkələrində robotexnika imkanlarından maşın sənayesində, istehlak sənayesində və digər sahələrdə çox istifadə olunur. Hesab edirəm ki, robotlar müəyyən mənada  insanların işlərini tam şəkildə əvəz edə bilməz, çünki bu bir texnikadır və  hər an nasazlıq yarana bilər. Onlar, sadəcə, insan həyatını asanlaşdırır. Tapşırıqların tam icrası ilə bağlı müəyyən məqamlar diqqətdən yayına bilər. Allah insanı əvəzsiz bir varlıq kimi yaradıb. Bilirsiniz ki, bu gün insanların da sayı sürətlə artır. Bu, müəyyən halda işsizliyə səbəb olur. Eyni zamanda, minlərlə insanın işlədiyi zavodda indi robotexnika çalışır və işsizlik yaradır. Təəssüf ki, günümüzün insanı daha çox maddiyyata önəm verir. “Bu gün necə edim ki, pula qənaət edim? Necə edim ki, daha az işçi işlədim?” kimi fikirlər mövcuddur. İnsanları daha çox düşünmək lazımdır. Bizim həyatımız kifayət qədər virtuallaşıb, qapalı həyata çevrilib. Günümüzün insanları müəyyən mənada bir-birlərindən uzaqlaşıblar və daha çox telefon, sosial şəbəkə və digər İKT avadanlıqları ilə ünsiyyət qurmağa çalışırlar. Düşünürəm ki, bu da çox təhlükəli məsələdir, çünki insanın insanla ünsiyyətə ehtiyacı var. Siz həm insanlarla birlikdə işləyib ünsiyyətdə olmağı, həm də robotlarla çalışmağı təsəvvür edin. İnsan sosial varlıqdır və onun ünsiyyətə, qayğıya, diqqətə ehtiyacı var. Bu məqamları nəzərdən qaçırmamalıyıq.

Hansı elektron xidmətlərdən istifadə edirsiniz və hansı xidmətlərin elektronlaşmasını istərdiniz?

Ümumiyyətlə, e-hökümət, e-imza çox geniş yayılıb və inkişaf edib. “Elektron Hökümət” portalının qurulması ilə bağlı Azərbaycanda da böyük işlər aparılıb . Mən “Elektron Hökümətin” yaratdığı imkanlardan istifadə edirəm. Mütəmadi istifadə etdiyim xidmətlər: bank sektoru, rabitə, kommunal ödənişlərdir.

Bu baxımdan Elektron təhsil sistemi də xüsusi əhəmiyyət daşıyır. Təhsil Nazirliyi bu istiqamətdə xeyli işlər görüb. Hesab edirəm ki, təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Hazırda Aİİ-də də bu istiqamətdə ciddi işlər aparılır.

Sizə görə ən böyük texnoloji kəşf nədir?

Bü gün dünyada çox böyük yeniliklər baş verir. Təbii olaraq hər bir yenilik hansısa kəşfin nəticəsidir. Məncə, əsrimizin ən böyük texnoloji kəşflərindən biri internetdir. Əvvəllər kiminləsə əlaqə saxlamaq  çox uzun zaman alırdı. Bu zaman müddəti hətta ayları belə əhatə edirdi. Ancaq bu gün insanların ünsiyyəti çox asanlaşıb, olduqca  əlçatan olub. Eyni zamanda, mobil cihazları da qeyd edə bilərəm. Təsəvvür edin ki, bir telefonla çoxlu sayda informasiya əldə edə bilirsiniz. Smartfonla kitabxana, xəbərlər və s. kimi məlumatlardan istənilən vaxt xəbərdar olursunuz.

Bu gün Aİİ hansı müasir İKT avadanlıqlarından istifadə edir?

Biz ilk gündən bu istiqamətdə işlərimizi yüksək səviyyədə qurmağa çalışdıq. Müəllimlərin qarşısında əsas tələblərdən biri dərslərin təqdimatlar vasitəsilə aparılmasıdır. Bir müəllim Aİİ-də dərs demək istəyirsə, o mütləq proyektordan istifadə etməlidir. Eyni zamanda, biz elektron təhsil sisteminə keçmişik. Bu gün prioritet istiqamətlərimizdən birini elektron təhsil sistemi təşkil edir. “Neyron” şirkəti ilə elektron təhsil sisteminin qurulması istiqamətində müqavilə bağlamışıq. Gələcəkdə distant təhsil də nəzərdən keçirilə bilər. Qarşımıza qoyduğumuz hədəflərdən biri də tələbələrin informasiyaları şəxsi kabinet vasitəsilə əldə etməsidir. Aİİ-nin saytı 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərir. Gələcəkdə bu dillərin artma ehtimalı böyükdür. Davamlı olaraq xarici qurumlarla əlaqə yaradırıq. Çalışırq ki, onların tətbiq etdiyi yeniliklərdən gələcəkdə yararlanaq.

Bəs elektron kitab necə, oxuyursunuz?

Kitabların, informasiyaların çap variantı olmadıqda elektron variantını oxuyuram. Bir neçə dəfə  cəhd etdim ki, “Book Reader” vasitəsilə kitab oxuyum. Bu vasitə nəqliyyat vasitələrindən istifadə edərkən işi daha çox asanlaşdırır. Yüzlərlə kitabı bir avadanlığa yükləyərək zaman-zaman mütaliə etmək olar. Amma məni kağız kitabdan alınan bilik e-kitabdan daha çox cəlb edir. Mən kitab oxuyarkən onun qoxusunu alıram, onun üzərində qeydlər aparıram. Sanki kitabla ünsiyyətdə oluram, söhbət edirəm. Buna görə də klassik qaydada kitab oxumaq mənim üçün daha maraqlıdır.

İnternetə kompüter, yoxsa telefon vasitəsilə daha çox daxil olursunuz?

Bu, olduğum məkandan asılıdır. İşdə, əsasən, kompüter vasitəsilə, səfərdə və ya yolda olduqda isə telefonla daxil oluram. Aİİ-də bu gün davamlı, gərgin iş gedir. Bildiyiniz kimi quruculuq dövründəyik. Ona görə də, imkan olduqca sosial şəbəkə və internetdən istifadə edib, işlərimizi görürük. Ancaq kompüter həm ekran böyüklüyü, həm də çalışma baxımından daha rahatdır.

Sizcə, “Ümümdünya hörümçək toru” verilən proqnozları doğruldub insanları birləşdirməyi bacarır?

Bu sual məni çox düşündürür. Dünya  inkişaf edib, imkanlar daha çoxdur, ünsiyyət vasitələri genişdir, internet, sosial şəbəkə platformaları var. Müəyyən mənada birlik var, amma bəzən mənə elə gəlir ki, dünya  müasir İKT avadanlıqlarından, internetdən müəyyən mənada müsbət şəkildə istifadə edə bilməyib. Bizim dünya üzərindən bir ev qurmaq imkanlarımız genişdir, lakin bəzən siyasi və dövlətlərin maraqları, ikili standartlar buna imkan vermir. Əslində, bu qədər texnologiya ilə dövrümüzün insanı daha müdrik olmalı idi. Təəsüf ki, buna baxmayaraq, az da olsa fərqli mənzərələrin də şahidi oluruq. Təsəvvür edin ki, insan, məkanından asılı olmayaraq bütün dünyanın kitabxanasını, mətbuatını anındaca öyrənə bilir. Əvvəllər bu imkanlar yox idi. İnsanlar bir inofrmasiya üçün uzun məsafələr qət etmək məcburiyyətində qalırdılar.

İlk avtomobiliniz hansı marka olub? Hazırda hansı avtomobildən istifadə edirsiniz?

İlk avtomobilim Sovet istehsalı “07” markalı maşın olub. Hazırda Yaponiya istehsalı olan “Hondo Akkord” avtomobilindən istifadə edirəm. Avtomobil aldıqda, diqqət etdiyim məqamlar, onun təhlükəsiz, dözümlü və rahat olmasıdır. Zaman-zaman müəyyən bölgələrə gedirik, görüşlər keçiririk. Bu baxımdan da avtomobilin rahat və təhlükəsiziliyi önəmlidir. Elektormobil son zamanlar çox cazibədar görünür. Ekoloji baxımdan da üstünlükləri çoxdur. Ümumi tendensiya da onu göstərir ki, bəşəriyyət elektromobilə doğru gedir. Bəlkə də vaxt gələcək, hamı, elə biz də  elektromobildən istifadə edəcəyik. Lakin ona hələ zaman var…

Hazırki telefonunuzu hansı üstünlüklərinə görə seçmisiniz? Ümumiyyətlə, texnoloji əşya aldıqda nələrə diqqət edirsiniz?

Mən “Samsung” şirkətinin imkanlarından bəhrələnirəm. Telefonun sürətli işləməsi, proqramların asanlıqla yüklənməsi kimi məqamlara üstünlük verirəm. Mən əvvəllər “İphone” da istifadə etmişəm. Amma “Smasung”dan istifadə daha rahatdır. Eyni zamanda, vaxt olduqca yeni kəşflərlə, müasir texnologiyalarla və proqramlarla maraqlanıram. Telefonumda çox sayda mobil tətbiqlər yer alır. Məsələn,“Google təqvim” proramı ən çox istifadə etdiyim tətbiqlərdən biridir.  Bundan başqa,  bank sektoru ilə əlaqəli ödənişlər və sağlamlıqla bağlı  tətbiqlər, sosial şəbəkə proqramları  və s. yükləmişəm.

Elə bir işiniz varmı ki, onu heç sevmirsiniz və məmnuniyyətlə öz robotunuza həvalə edərdiniz?

Bu gün mənim üçün çətinlik  yalnız vaxtın az olmasıdır. Çalışıram ki, vaxtdan maksimum qənaətlə istifadə edim. İdarəçilikdə ən vacib məqamlardan biri də vaxtdan səmərəli istifadə və işlərin bölgüsünün düzgün aparılmasıdır.

Məncə, robot heç bir zaman insanı tam əvəz edə bilməz. Ona görə də, hər insan öz üzərinə düşən işi görməlidir. Bu gün mobil tətbiq proqramları ilə imkanlar daha genişdir. Hesab edirəm ki, gün daha uzun olsaydı, çox işlər görərdik. İnsan yalnız maddiyyatdan deyil, həm də ruhaniyyatdan ibarətdir. Məncə, bunların biri olmadan həyat mümkün deyil. Robotun bizi əvəz edə biləcəyini və ya işlərimi ona həvalə edəcəyimi düşünməmişəm. Müəyyən işlər olur ki, onlardan bir qismini şəxsən özümün yerinə yetirməyim daha vacibdir. Əməkdaşların, köməkçilərin  edə biləcəyi işləri  onlara etibar edirəm.  Ən əsası isə  zamanın düzgün tənzimlənməsidir.

Bənzər yazılar