Azərbaycan hökuməti Bakıda ilk dəfə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasını (“IOI-2019”) çox yüksək səviyyədə təşkil edib. Bakıya gəldiyimiz ilk gündən bəri insanlar bizi qonaqpərvərlik və mehriban münasibətlə qarşılayıblar.

Bu sözləri Mektebgushesi.az -a müsahibəsində Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, Tayvan Milli Normal Universitetinin professoru Qreq Li deyib.

O, informatika elmlərinin təbliği və bu sahədə istedadlı gənclərin üzə çıxarılması baxımından olimpiadanın unikal platforma olduğunu bildirib. Beynəlxalq İnformatika Olimpiadasının əsas məqsədinin informatikanı daha da inkişaf etdirmək olduğunu deyən Qreq Li dünyanın müxtəlif ölkələrindən ən istedadlı və savadlı şagirdləri bir araya toplayan müsabiqələrin əhəmiyyətindən danışıb.

Qreq Li Bakı Olimpiadasında 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətlərinin iştirak etdiyini və informatika sahəsinə olan marağın daha da artığını qeyd edib. “Bu olimpiada gənclərin özləri kimi düşünən insanlarla görüşməsi və ünsiyyət qurması, alqoritmlər haqqında fikirlərini bölüşməsı və problemlərin həlli yollarını birgə axtarması üçün gözəl bir imkandır. Burada onlar, həmçinin yeni dostlar qazana bilirlər”, – deyə o əlavə edib.

Bənzər yazılar