Dərc olunub: 04.09.2019

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib layihələrdən biri də “ Peşəkar Məktəb Psixoloqu ” layihəsidir. Bakı şəhəri 149 nömrəli tam orta məktəbdə təşkil olunacaq bu layihə 1 sentyabr – 30 noyabr intervalında nəzərdə tutulub.

Mektebgushesi.az xəbər verir ki, AzEdu.az lahiyə rəhbəri Nəriman Məmmədzadə ilə lahiyənin məqsədi haqqında müsahibə aparıb.

“Bildiyimiz kimi, yeniyetməlik dövrü insan həyatının ən böhranlı çağlarıdır. Bu dövrdə daha emosional olan insanlarda yanlış hərəkətlərə (cinsi münasibətlər, özünü qəsd, bədənə müxtəlif fiziki zərərlər vermə, cinayi davranışlara) meyillilik sıx müşahidə olunur. Bütün bunların qarşısını almaq üçün yeniyetmələrlə düzgün psixoloji iş aparılmalıdır. Bunun məsuliyyəti də ilk növbədə məktəb psixoloqlarının üzərinə düşür. Lakin son illər məktəblilərin yeniyetməlik yaşlarında baş vermiş xoşagəlməz hadisələri nəzərə alsaq, psixoloqların bu barədə təlimatlanmağa ehtiyacı olduğunu görərik.

“Peşəkar məktəb psixoloqu” layihəsinin məqsədi məktəb psixoloqlarının yeniyetmələrlə düzgün iş aparmaq sahəsində peşəkarlığının artırılmasına, bu sahədə psixoloji xidmətin təkmilləşdirilməsinə və bu yolla cəmiyyətimiz üçün sağlam düşüncəli gənclər yetişdirilməsinə dəstək verməkdir. 

Layihənin məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilir:

  • Psixoloqların yeniyetmələrlə iş sahəsində bilik və bacarıqlarının yoxlanılması.
  • Psixoloqların bilik və bacarıqlarına uyğun olaraq təlimlər təşkil olunması.
  • Təlimlərin həm nəzəri, həm praktik iş olaraq qurulması.
  • Layihənin sonunda yenidən qiymətləndirmə apararaq təlimlərin effektivliyinin yoxlanılması.
  • Təlimlərdən uğurla keçən psixoloqların təltif olunması.

Artıq məktəb psixoloqların qeydiyyatına başlanılıb yaxın günlərdə qeydiyyatdan keçmiş psixoloqlar yeniyetmələrlə işin təşkili barədə bilik və bacarıqları səviyyələrinin təyin edilməsi üçün pretest ediləcək. Təlimlər oktyabr aylarında başlayacaq”.

Bənzər yazılar