Dövlət İmtahan Mərkəzi (DİM) ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində DİM-in Şəki regional bölməsində sentyabrın 5-də Şəki şəhəri və ətraf rayonların Mərkəz ilə əməkdaşlıq edən 27 ingilis dili müəllimi üçün təlim təşkil edib.

DİM-dən Mektebgushesi.az -a bildirilib ki, təlimə Şəki və ətraf regionlardakı məktəblərdə ingilis dilini tədris edən müəllimlərlə yanaşı, Şəki Pedaqoji Kolleci və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimləri də cəlb ediliblər. Təlimi amerikalı ekspert doktor Stefen Sadlier aparıb. Qeyd edək ki, Stefen Sadlier Massaçusets Universitetinin Kurrikulum tədqiqatları və müəllimlərin təhsili şöbəsinin təhsil üzrə doktorudur.

Təlimdə oxu və yazı bacarıqlarına yiyələnmənin texnologiyası, dərs prosesində bilik və bacarıqların ölçülməsi, qiymətləndirmədə istifadə olunan vasitələrin buraxılış və qəbul imtahanlarında istifadə olunan ölçmə üsulları ilə uyğunlaşdırılması, eyni zamanda, oxu və yazı prosesi zamanı yüksək təfəkkür bacarıqlarının formalaşdırılması ilə bağlı fikir mübadiləsi və müzakirələr aparılıb.

Eyni məzmunlu növbəti təlim sentyabrın 6-da Bakı şəhərində də təşkil ediləcək.

Bənzər yazılar