Dərc olunub: 05.09.2019

Gürcüstan ilə Azərbaycan elm və təhsil sahəsində səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan hər il Gürcüstandakı azərbaycandilli məktəblər üçün Ana dili və ədəbiyyat dərslikləri, eləcə də müəllimlər üçün metodik vəsait göndərir. Azərbaycan bu gün də 2019-2020-ci tədris ili üçün Gürcüstana yeni dərsliklər göndərib. Biz bu dəstəyə görə Azərbaycan dövlətinə və Təhsil Nazirliyinə təşəkkür edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xandulişvili söyləyib.

Onun sözlərinə görə, yeni dərs ili başlayana qədər nazirlik dərs vəsaitlərini Gürcüstandakı azərbaycandilli məktəblərə çatdıracaq.

K.Xandulişvili bildirib ki, Azərbaycandan hər il göndərilən dərs vəsaitlərinin sayı məktəblərin ehtiyaclarının qiymətləndirilməsindən sonra müəyyənləşən kvotaya uyğun olur.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycanın Təhsil Nazirliyi Gürcüstandakı azərbaycandilli məktəblərin I-XI sinifləri üçün 20 min 622 ədəd “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər göndərib.

Xətayi Əzizov

Bənzər yazılar