Prezident İlham Əliyevin 9 sentyabr tarixli Sərəncamına əsasən 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrdən Emin Əliyev Prezident təqaüdünə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Emin Əliyev Dövlət İmtahan Mərkəzinin imtahanlarında 689 bal toplayaraq ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbəsi adını qazanıb. Emin Biləsuvar rayonunu təmsil edir. O bildirib ki, Azərbaycan gəncliyinə göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstəkdir.

Eminin uşaqlıqdan bəri kompüter elmlərinə marağı onu proqramlaşdırma dillərini öyrənməyə həvəsləndirib. O, ADA Universitetinin tələbələri hər zaman yeniliklərə ruhlandırdığını və kompüter elmlərinə marağı olan hər bir tələbə üçün əvəzsiz məkan olduğunu hesab edir.

Xatırladaq ki, 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Xatırladaq ki, təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb və hazırda 210 manat müəyyən edilib.

Bənzər yazılar