Bu gün haqqında bəhs edəcəyimiz istedadlı məktəbli Şamaxı rayonu Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbin üçüncü sinif şagirdi Əhmədova Gülhanə Cavid qızıdır.

Göylər kəndi Azərbaycanın istedadlı yetirmələri ilə tanınan guşələrindən biridir. Balaca Gülhanə də belə bir torpaqda dünyaya göz açıb.

Qarşımda bir albom var. Rəsm albomu. Vərəqləri bir-bir çevirib baxıram. Rəngli karandaşlarla çəkilmiş müxtəlif rəsmlər göz oxşayır. Mənzərələr, ağaclar, güllər, quşlar… Bu albom onundur – 8 yaşlı Gülhanənin…

Gülhanə günəşi çəkməyi daha çox sevir. Deyirlər ki, bu, həyatsevərlik əlamətidir. Müxtəlif təbiət təsvirləri—ağaclar, çaylar, dağlar, yaşıl düzənliklər onun əlinin və təxəyyülünün məhsuludur.

Gülhanə rəsm çəkməyə dörd yaşından başlayıb. Əli qələm tutar-tutmaz günəşə can atıb, ilk dəfə günəşi çəkib.

Böyüdükcə kitablarda, cizgi filmlərində gördüyü şəkillərin bənzərini yaratmağa başlayıb, amma bununla kifayətlənməyib, oxuduğu, eşitdiyi nağılların epizodlarını da təxəyyülündə canlandıraraq rəngli karandaşlarla kağız üzərində yaratmağa çalışıb. Maraqlısı budur ki, o, rəsm çəkməyi heç bir məktəbdə, heç bir dərnəkdə öyrənməyib.

Əvvəl-əvvəl rəsm çəkməkdə ona anası kömək etsə də indi özünün təxəyyülü xeyli inkişaf edib. Özü düşünür, düşündüyünü özü xəyalında canlandırır və kağız üzərində onlara həyat verir.

Gülhanə həm də dərs əlaçısıdır. Bütün dərslərinə diqqətlə yanaşır. Xüsusilə ana dilinin vurğunudur. Üçrəngli bayrağını hər şeydən uca tutur. Rəsmlərində də saysız-hesabsız bayraq şəkilləri gözə dəyir. Onun aləmində Azərbaycan bayrağı həmişə dünyanın ən hündür yerlərində dalğalanmalıdır.

Gülhanə heyvanları, quşları və bitkiləri çox sevir. Adı Qırmızı kitaba düşən heyvan və quş nəslinin tükənməkdə olmasından isə narahatlıq keçirir. O, ovçuları heç sevmir…

Bu il üçüncü sinfə gedəcək Gülhanənin böyük arzuları var. Oxuyub həkim olmaq istəyir. İnsanlara şəfa vermək, onları sağaltmaq arzusu onun balaca qəlbində özünə möhkəm yer edib. Rəssamlıq isə sevimli məşğuliyyətidir. Vaxt tapan kimi rəsm çəkir. O, təkcə evdə deyil, həyatda da hamıya qarşı gülərüzdür. Böyüklərin sözünə baxır, yaşıdları ilə dostluq edir, özündən kiçikləri heç vaxt incitmir.

Gülhanəyə dərslərində uğurlar, bir-birindən gözəl rəsmlər çəkməyi və əlbəttə, arzularına qovuşmağı diləyirik.

Validə Arifqızı

Bənzər yazılar