Builki “Bilik günü” Bakı Dövlət Universiteti (BDU) üçün xüsusilə əlamətdardır. Çünki 2019-2020-ci tədris ilində universitetimiz həm 100 illiyini, həm də “Bilik günü”nü qeyd edir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

O bildirib ki, BDU-nun tələbəsi adını qazananların qurur duymağa haqları var. Çünki onlar 100 illiyini qeyd edən, ümummilli lider Heydər Əliyevin məzun olduğu universitetdə təhsil alacaqlar.

Rektor vurğulayıb ki, BDU-nun yeni-yeni uğurlara imza atması, regionda olan imicini qoruması üçün universitet rəhbərliyi əlindən gələni əsirgəməyəcək, var gücü ilə çalışacaq.

“Sevindirici haldır ki, BDU-nun 15 nəfər yüksək bal toplayan tələbəsi Azərbaycan Respublikası Prezidentinin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən təqaüd alacaq. Əminəm ki, tələbələrimiz həmişə olduğu kimi, yenə də Azərbaycanımızı siyasi, mədəni, elmi arenalarda layiqincə təmsil edəcəklər. Bunun üçün bizim kifayət qədər potensialımız var. Universitetimizdə aparılan yenidənqurma işləri bunu söyləməyə əsas verir”, – deyə rektor Elçin Babayev qeyd edib.

Bənzər yazılar