Elmira Əsədova: “Onlar Mehriban xanım Əliyevanın layihəsi əsasında 3-cü, 4-cü aktivlik səviyyəli protezlərlə təmin olunublar”

Kiçik bir zaman kəsiyində böyük tarix yazmış Azərbaycan ordusunun Aprel savaşı haqqında hələ yəqin ki, uzun illər danışılacaq, yazılacaq. Aprel müharibəsinin ayrı-ayrı detalları barədə müəyyən qədər məlumatlar verilib. Burada çox vacib ümumxalq əhəmiyyətli bir məqam da var. Torpaqlarında güllə səsləri hələ kəsilməyən ölkəmizdə inkişafına, yayılmasına xüsusi ehtiyac hiss edilən vətənpərvərlik tərbiyəsinin təbliğində də Aprel zəfərinin və onun döyüşçülərinin rolu əvəzsiz bir vasitədir. Biz onlara necə yanaşmalı və onlardan necə bəhrələnməliyik? Əlbəttə ki, ilk öncə bu savaşda iştirak etmiş, yaralanaraq əlil statusu almış soydaşlarımıza, şəhid olmuş əsgərlərimizin ailələrinə sonsuz sevgi və qayğı hissi ilə yanaşmağımızla. Bu yazılarımızda sizləri həm qəhrəman əsgərlərimizlə görüşdürəcəyik, həm də bu döyüşlərdə sağlamlığının bir qismini itirmiş eloğlularımıza dövlətin və xalqımızın ayrı-ayrı nümayəndələrinin qayğısından, münasibətindən də bəhs edəcəyik. Bu əsnada həm müsbət, təəssüf ki, həm də mənfi çalarlar barədə məlumatlanacaqsınız. 

17 Aprel döyüşçüsünün ayağı protezləşdirilib

Elə bu arzu və istəyimizi reallaşdırıb ictimailəşdirmək niyyətilə Aprel savaşının qəhrəmanlarından bir neçəsi ilə görüşmək istədik. Əvvəlcə onların müalicə aldığı tibb müəssisələrindən Protez-ortopedik Bərpa mərkəzində olduq. Mərkəzin baş mühəndisi Elmira xanım Əsədova suallarımızı cavablandlraraq söylədi ki, burada 16-17 nəfər protezləşdirilib Aprel müharibəsinin əlillərindən. Onlara əvvəlcə reabilitasiya kursu keçiblər, sonra isə onları protezləşdiriblər. Yəni adaptasiya dövrünü də burda keçiblər. Adaptasiya dövrü 3-6 ay müddətinə çəkir. Bu dövrdə öyrəşirlər, sonra isə daimi protezlərlə təmin olunur və belə yaşamağa vərdiş edirlər: “Bizdə burda nazir səviyyəsində aprel döyüşlərinin iştirakçısı olmuş əlillərlə görüş keçirildi. Bu görüşdə prezidentin tapşırığı əsasında nazirliyin və bizim əməkdaşlarımızın iştirakı ilə əlillərin protezləşdirilməsi ilə bağlı geniş diskussiya təşkil edildi. Əvvəlcə belə bir ideya var idi ki, əlillərin protezləşdirilməsi Almaniyada həyata keçirilsin. Lakin diskussiya nəticəsində belə bir qərara gəlindi ki, xaricdən mütəxəssislər dəvət edilsin, protezləşmə prosesinin özü isə ölkəmizdə həyata keçirilsin”. Elmira xanımla axtarışlarımızın bir növ əlifbasına çevrilən bu söhbətimiz zamanı bəlli oldu ki, növbəti mərhələdə isə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın layihəsi əsasında Aprel Müharibəsinin əlilləri “Medikom” şirkətində tam müasir texnologiyalara əsaslanan protezlərlə təmin olunublar. Lakin mərkəzin əməkdaşlarının indiyədək bu şəxslərlə sıx əlaqəsi, münasibətləri qorunub-saxlanılır: “Onlar bizim fəxrimizdir. Onlar bizə, biz onlara o qədər doğmalaşmışıq ki, mərkəzə nə vaxt ayaq bassalar, buradakı ab-hava toy-bayram ab-havasına çevrilir”.

Yeni texnologiyalı protezləşdirmə əlillərin sərbəst gəzməsinə şərait yaradıb

“Hamısında əlillik ayaq nahiyəsindədirmi” sualımıza cavab olaraq Elmira xanım söylədi ki, bəli. Yalnız birində diz qapağından yuxarı hissədən aparılıb protezləşdirmə. O, son günlərədək burda stasionarda yatırmış, lakin bir neçə gün öncə evlərinə buraxılıb.  Bu əlillərin üzərində əsasən funksional pəncə, funksional diz oynağı yerləşdirilməsi prosesləri aparılıb. Mehriban xanımın layihəsi, şəxsi nəzarəti əsasında Medikom şirkəti tərəfindən yüksək səviyyədə aparılan protezləşdirmə əməliyyatları indi onların sərbəst gəzməsinə bilavasitə şərait yaradıb. Onlar həm yeriyərkən, həm pilləkənləri qalxıb-enərkən, həm nahamar yerlərdə hərəkət edərkən bu protezlər komfortluluğun pozulmasına imkan vermir.

Bizə Ortopedik mərkəzdə aparılan protezləşdirmənin hansı texnologiya əsasında təşkil edilməsi də maraqlı idi. Ona görə də uzun illər bu sahədə çalışmış müsahibimizin bu istiqamətdə fikirlərini almaq istədik: 

Bizdə də alman texnologiyası əsasında aparılır protezləşdirmə. Amma səviyyə fərqi var bu texnoloji proseslərin arasında. Bizdə 1-ci, 2-ci aktivlik səviyyəsi var, amma Medikomda 3-cü, 4-cü aktivlik səviyyəsinə uyğun protezlər hazırlanıb. Bu da bizim Qarabağ əlillərimizə göstərilən xüsusi diqqətin nəticəsi, bariz nümunəsidir. Bunların hamısı Mehriban xanımın mövcud problemə spesifik yanaşmasının nəticəsində mümkün olub. Əlillərimiz protezləşmədən öncə də Mehriban xanımın qəbulunda olublar. Yəqin özləri ilə görüşəndə bu barədə sizlərə ətraflı məlumatlar verəcəklər. Əlillərdən hansılarla istəsəniz sizləri əlaqələndirə bilərik, çünki bizim onlarla mütəmadi təmaslarımız olur, görüşüb özünüz söhbətləşərsiz.

Elmira xanım, artıq bu əlillər cəmiyyətə də adaptasiya olunub yaşayırlar, yoxsa…

Əlbəttə. Nəinki cəmiyyətdədirlər, onların içərisində işləyənlər, hətta hərbidə çalışaraq öz xidmətlərini davam etdirənlər belə var. Bir şeyi də deyim: onlar bizim mərkəzin daha öncə düzəltdiyi protezləri də istifadə edirlər. Dediklərinə görə o biriləri istifadə edərkən güdüllərdə tərləmə-filan bizimkilərdən daha çox olur, nə qədər komfortlu olsa da. Əlillərimiz bizim ustaların hazırladığı protezi də yüksək qiymətləndirirlər. Çünki bu protezləri corabla da geyinib istifadə edə bilirlər. Maşın sürəndə-filan rahat olurlar söylədiklərinə görə. Ona görə bizim ustaların işindən və bizim mərkəzin xidmətindən də çox məmnundurlar. Bu barədə bizim danışmağımız bir o qədər də anlayışlı qarşılanmaz, amma əlillərin özlərindən soruşsanız onlar daha yaxşı izah edə bilərlər.

İndi sonuncu dediyiniz protezlər Azərbaycanda istehsal edilib, ya xaricdən gətirilib?

Vallah bunu o protezləşməni həyata keçirən Medikom şirkətindən soruşsanız, daha dəqiqini onlar deyərlər. Onlara biz sonuncu dəfə  güdüllərin planlarını çəkib göndərmişdik. Sonuncu ölçülərin götürülməsində biz onlarla görüşüb birgə məsləhətləşmişik. Onlar gəlib baxdılar hər şeyə, eyni zamanda pasiyentlərlə tanış oldular, amma hazırlanma proseslərini özləri bizim mərkəzsiz təşkil edib həyata keçirdilər. Ona görə bu suala şirkətdən daha dəqiq cavab verə bilərlər.

Elmira xanım, hərəkətsiz qalan, gəzə bilməyənləri var həmin əlillərin?

Hamısı gəzə bilirlər. Mən sizə bir şeyi deyim. Onlar bura gətiriləndə psixoloji durumları çox ağır idi. Təvazökarlıqdan uzaq olsa da, mən onlara o qədər diqqət göstərmişəm, bunu onlarla görüşəndə, hətta telefonla danışanda da hiss edəcəksiniz. Rizvan adlı birinin psixologiyası demək olar ki, tamamilə pozulmuşdu. Bizdə stasionarda reabilitasiya kursunu keçdikdən sonra protezi geyindi və o adam bura 3-4 günə o dərəcədə uyğunlaşdı ki… Protezləşəndən sonra gördüm elə ikinci gün dirsəkaltlığını atıb gəzməyə başladı. Dedim Rizvan, sən neynləyirsən, yıxılarsan? Dedi narahat olmayın Elmira xanım. İndi də deyir ki, mən o dövrdən heçnəsiz gəzirəm. Bax belə. Bilirsiniz, istər mərkəzin direktoru Asif müəllim Məcidov, istər mən, istər tibbi personalın digər işçiləri, biz onları o qədər doğma, o qədər mehriban qarşılamışıq ki, protezlərin əyinlərinə geyinməsində belə, buna “primerka” deyirlər, texniki personalla bərabər hər birimiz iştirakçı olmuşuq. Ona görə onları nə zaman çağırmışam bir kəlmə “yox” sözü eşitməmişəm. Adətən bayramlarda-filanda bu qəhrəman oğullarımızı axtarıb tapırıq, çünki onları heç zaman unuda bilmərik. İçərilərində bir pasiyentimiz var, polkovnik Elşən Qarayev. O dedi ki, Elmira xanım, biz sizin əziyyətinizi heç vaxt unuda bilmərik. Əslində, nə əziyyət də olsa bu bizim işimiz, vəzifə borcumuz və vətəndaşlıq borcumuzdu. Əziz günlərimizdə bir-birimizi xatırlayırıq. Qarabağ əlillərinə xüsusi diqqət edirik. Çünki onlar hər şeydən öncə bizim Vətənimizin qeyrətli oğullarıdı. Bir neçə gün öncə Qarabağ qaziləri bizi təltif etməyə gəlmişdilər, inanın çox sevindim və çox da kövrəldim. Bilirsiniz niyə? İnsanın daxilində bir Vətən eşqi yaşayır. Onu həmişə hiss etmək olmur: ya iş-gücün çoxluğundan, ya başqa bir səbəbdən. Amma görəndə ki, sənin o hisslərini, o duyğularını, gördüyün işi dəyərləndirmələr var, bax onda Vətən eşqinin gerçəkdə nə olduğunun fərqini görürsən, bu hisslər daim məni kövrəldir. Qazilər cəmiyyətindən Asəf müəllim, Firudin Məmmədov və jurnalist qazi Rey Kərimoğlu gəlib bizim işimizi qiymətləndirdilər. Sağ olsunlar. Aprel döyüşçülərinin də hər birinin şücaəti, qəhrəmanlığı unudulmazdı məndən ötrü. Ona görə də onların hər biri ilə çox isti münasibətlər yarada bilmişik.

Elmira xanım, əlillərin müalicəsinə çəkilən xərcləri də yəqin ki, siz bilməyəcəksiniz…

Xeyr. Burdakı müalicələr hamısı dövlət vəsaiti hesabına aparılıb. Medikomdakı xərclər barədə onlar danışa bilərlər. Bilirsiniz ki, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət ayrılıb həm dövlət başçısı tərəfindən, həm Birinci Vitse-prezidentimiz Mehriban xanım tərəfindən. Biz isə bir ortopedik mərkəz olaraq özümüz onlara diqqətlə, ehtiramla, qayğı ilə yanaşmışıq.   

“Polkovnik Elşən Qarayev protez geyinəcəyi gün sevincindən yata bilməmişdi”

Əlillərlə – ölkə vətəndaşlarının qaynar həyata təşnəlikdən tutmuş sosial qayğılara qədər ehtiyac duyan, eyni zamanda Vətənimizin müdafiəsi uğrunda bu duruma düşmüş kəsimi ilə mütəmadi təmaslar Elmira xanımın həyata baxışlarında da silinməz izlər buraxıb. O, buranın ah-naləli, gərgin anlarının da, sevincli dəqiqələrinin də canlı şahidlərindəndir. Bizimlə söhbətinin sonunda Aprel zəfərinin qəhrəmanlarının siyahılarını, telefon nömrələrini təqdim etməklə bərabər, ancaq sevincli anlardan danışmağa üstünlük verdi:

Əlillərimizdən biri buraya əlil arabasında gətirilmişdi. Məmmədov Azər Arif oğlu.  İndi qalxıb ayağa volkerlə gəzir. Bayaq qeyd etdiyim polkovnik Elşən Qarayevin hədsiz sevinc nidalı sözlərini xatırlayıram. Uşaq kimi sevinirdi. Dedi səhərə qədər sevindiyimdən yatmamışam ki, sabah protez geyinəcəyəm. Bu anları yaşamaq, bu sözləri eşitmək mənə nə qədər xoş olub. Mən 1992-ci ildən burada işləyirəm. O qarışıq illər, müharibə, keçid dövrü, çox böyük çətinliklərdən keçib gəlmişik. Təsəvvür edin ki, bu mərkəz arxa cəbhə olub. Elə əsgərlərimiz olub ki, burda protezləşəndən sonra qayıdıb təzədən müharibəyə, od-alovun içinə. Görün biz burda hansı vəziyyətlərin şahidi olmuşuq, nələri yaşamışıq?! Sevindirici yalnız bir məqam var: İnsanlar burada qalxıb gəzə biləndə onlar artıq ikinci həyatlarını yaşayırlar. Bunu onlara yuxarıda Böyük Allah, aşağıda biz insanlar bəxş edirik. Nə böyük duyğudu bu anları yaşamaq! Elşən Qarayev deyirdi, görəsən mən bir də ayağa durub gəzə biləcəyəmmi?! Amma gəzdi. Baxın insana ikinci sevinc, ikinci həyat verilir, sən də bir vasitəçi olursan. İnsan bütün ümidini itirir…və birdən ayağa qalxıb gəzir. Bundan gözəl nə ola bilər?! Mən həkim olmasam da uzun müddətdi ki, burda kiçik vəzifələrdən tutmuş baş mühəndis vəzifəsinə qədər yüksəlmişəm. İşə başladığım 1992-ci ildənsə torpaqlarımızda müharibə gedir. Bütün həyatımı bura, bu insanlara bağlamışam. Rəhbərlik də bizə bu şəraiti yaradıb ki, heç bir məhdudiyyətsiz-filansız yalnız xəstələrə, əlillərimizə qulluq göstərək. Mərkəzdə isə həqiqətən də bir peşəkar komanda çalışır. Burda həm də xəstələrimizin psixoloji durumuna uyğun olaraq onlarla mehriban danışıq, mehriban rəftar da vacib məsələlərdəndir. Bu da artıq bizim həyat tərzimizə çevrilib. Bəzən bu münasibətlərimizin şahidi olanlar sual edirlər ki, buna necə nail oluruq. Deyirlər, siz deyəsən insanlarla davranışla bağlı xüsusi dərslər keçirsiniz. Əslində bütün bunları bizə peşəmiz və işimiz vərdiş etdirib zaman-zaman. Xəstələrə də təlqin edirik ki, bura sizin evinizdi. Axı başqa necə ola bilər: ayağını, qolunu itirmiş insan bu əzasının burda bərpa olunduğunu görəndə təbii ki, buraya da, bizə də nə qədər doğma yanaşmalı olur. Sizə bir faktı deyim. İranda əməliyyat olunmuş bir əlilin ptotezi geymədiyini söylədilər. Psixoloji durumu çox gərgin idi. Xanımı zəng vurmuşdu. Dedim gətirin mərkəzə söhbət aparaq, xoşuna gəlməz yenə də geyinməsin. Gətirdilər burda təbliğatla geyindirdik ona protezi. Onun indi nəinki özü, bütün ailəsi, çevrəsi belə mənim dostlarıma çevrilib. Ondan sonra zəng edirəm nə isə soruşmağa, yoldaşı deyir ki, Elmira xanım, Arif evdə oturmur ki daha. Marketdədi, filan yerdədi və s. Hansı ki, bu adam bütün günü evdə otururdu, əsəbiləşirdi.

                                                                                                         (ardı var)

P.S. Növbəti yazımızda sizi qəhrəman oğullarımızın Aprel savaşı və onlara ölkəmizdəki münasibətlərlə tanış edəcəyik. İzləyin.                                                                

Dəyanət Səlimxanlı
Nəzirməmməd Zöhrablı

Bənzər yazılar