Eldəniz Sadıqov: “Tovuz rayon icra başçısı məni üç saat gözlətdi”

                                                                                               (II yazı)

Elmira xanımdan götürdüyümüz koordinatlar əsasında Aprel savaşının qəhrəmanlarını arayıb-axtardıq. Hələlik onlardan ikisi – Qarabağ Müharibəsi əlilləri Polkovnik-leytenant Eldəniz Sadıqov və Baş leytenant Azər Məmmədovla təmas qura bildik. Onlara tam şərait yaratdıq ki, Aprel döyüşləri, şəxsi taleləri, onlara ölkə əhalisi və məmurların münasibəti barədə rahatca danışa bilsinlər. Arabir bəzi müdaxilələrimiz də olurdu. Əlbəttə ki, bu qəhrəman oğullarımızın yaddaşını daha dərindən oyatmaq məqsədli xoş məramımızla. Söbətimiz zamanısa bir çox mətləblərə aydınlıq gətirildi. Burada… nə isə, qoy onlar özləri danışsın.

İndi də hərbi xidmətini davam etdirən Eldəniz Sadıqov bir hərbçi sayağı görüş yerinə düz təyin etdiyimiz dəqiqədə gəlib çatdı. Onunla çay süfrəsi arxasındakı səmimi söhbətimizi geniş ictimaiyyətin diqqətinə çatdırmaqdan çox məmnunuq. O, söhbətimizə özü haqqında qısa məlumat verməklə körpü saldı:

  • Mən düz 16 il ön xətdə xidmət eləmişəm. Aprel döyüşləri vaxtı, yəni 2016-cı ildə N saylı hərbi hissə komandirinin müavini kimi fəaliyyət göstərirdim.
  • İlk öncə istərdim məlumat verəsiniz ki, Aprel döyüşləri – bizim bu uğurumuz necə baş verdi?
  • Mən Tərtər tərəfdən Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Döyüş belə başladı: Biz ermənilərə qarşı əks-hücum hazırladıq. Deməli, Tərtərin Tapqaraqoyunlu kəndi istiqamətində ermənilər bizim dinc əhalini vurmaq üçün plan hazırlamışdılar. Bu, elə böyük itki ilə nəticələnməli idi ki, əks-sədasından bizim ölkəmizdə dəhşətli bir çaxnaşma yaransın. Təbii biz də orda əlləri qoynunda boş-boşuna oturmamışdıq ki… Üstəlik mən özüm həm Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil almış peşəkar hərbçi idim, həm doğulduğum Tovuz rayonu daim ermənilərin atəşinə məruz qaldığından sinəmi qabağa verərək düşmən gülləsindən yaralanmış öz atamı belə qorumuş, onu gülləborandan xilas etmişdim. Demək istəyirəm ki, mən düşmənin mülki əhaliyə qarşı necə qəddarcasına davrandığının canlı şahidi olmuşdum. Görmüşdüm ki, onlar bizim insanları necə məhv edirlər, məhəl qoymadan ki, qarşısındakı ahıldı, qadındı, uşaqdı ya kimdi. Bu döyüş ərəfəsində də əvvəlcə bizim kəşfiyyatımız məlumatları gətirdi. Onlar həqiqətən də bu istiqamətdə güclü müdafiə səddi qurmuşdular və bir neçə dəfə də bizimkiləri hədələmişdilər ki, hünərləri varsa “Ohanyan xətti”ni keçsinlər. Biz isə torpaqları işğal olunmuş tərəf sayıldığımızdan heç zaman öz işimizi, yəni döyüş hazırlıqlarımızı müdafiə üzərində qurmamışıq, biz hücum əmrinə və hücum anına hesablamışdıq hər şeyi. Ona görə də ermənilərin həmin xətti bircə saat ərzində darmadağın etdik. Burada bizim hərbi hissənin zabit, gizir, əsgər heyəti gözəl səy göstərdilər və həmin xətti qeyd etdiyim kimi vurub keçdik. Döyüşdə də ən çətin şey müdafiə xəttini yarmaqdı. Orda yadıma gəlir ki, bizim bir tankımız minaya düşdü, bir tankımızı isə düşmən vurmuşdu. Tankın şəxsi heyəti də sağ-salamat çıxdı. Bir əsgərimiz şəhid olmuşdu. Ondan başqa heç bir itkimiz olmamışdı bu yerə qədər. Ancaq düşmən nəyi var, hamısını qoyub qaçmışdı. Mən özüm şəxsən saymışam. 30-dan yuxarı blindajı qoyub qaçmışdılar. Bu hələ Talışın ətrafında baş verənlərdi. Sadəcə olaraq, biz niyə bu qədər itki verdik?! Çünki biz gedib dayandıqdan sonra onlar artilleriyadan istifadə etməyə başladılar. O yerlərin koordinatları isə onların öz əllərində idi.

Bilirsiniz, bir şeyi deyim. Bu məsələ hərbdə çox vacibdir. Məsələn, torpaqlarımızın ötən əsrin 90-cı illərində işğal altına düşməsinin yeganə səbəbi vahid komandanlığın olmamasında idi. Deyirdilər ki, biri yaralananda hamı onun döyüş mövqelərindən çıxarılması ilə məşğul olurmuş-filan. Bunlar da hərbin qayda-qanunlarını bilməməkdən irəli gəlirdi. Amma o dövrdə də döyüşən, qeyrətli oğullarımız var idi əslində, pərakəndə şəkildə də olsa döyüşürdülər. Bunu danmaq olmaz. Vahid komandanlığın olmaması, döyüşçülərin əksəriyyətinin hərbin qanunlarını bilməməsi məğlubiyyətlə nəticələnmişdi. Ancaq bu dəfə – xüsusilə mən xidmət etdiyim hərbi heyət haqqında onu deyə bilərəm ki, komandanlıq, tabeçilik çox yüksək səviyyədə qurulmuşdu.Təsəvvür edin, əsgər yaralanırdı, ancaq döyüşdən çıxmırdı, çıx əmri verəndə ağlayırdı ki, davam eləmək istəyir.

  • Çünki böyük ruh yüksəkliyi yaranmışdı…
  • Bəli. Bu da nədən irəli gəlirdi? Fikir verin bu vacib məqama: düşmən niyə qaçırdı? Bilirdi ki, bu onun torpağı deyil. Amma biz düşünürdük ki, bu bizim torpaqdı. Neçə illərdi biz bu torpağın həsrəti ilə yaşayırıq. Kimsə deyir ki, biz bu qədər itki niyə verdik belə az yer aldıq, iki təpə aldıq və s. Lakin belə deyil. Düşmən illərdi deyirdi ki, bayaq dediyim kimi, əgər Azərbaycan ordusunun qüvvəsi varsa, Ohanyan xəttini gəlib yarsın. Sən demə, bu Ohanyan xətti məsələsi beynəlxalq qurumlarda aparılan danışıqlar zamanı da dilə gətirilirmiş ermənilər tərəfindən. Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva da bizimlə görüşdə vurğuladı ki, ermənilər danışıqlar zamanı da bu Ohanyan xətti məsələsini xüsusi qabardırmışlar. Ancaq biz onu bir saata yardıq. Bir saata bu xəttin yarılması gör nə demək imiş?! Mehriban xanım da dedi ki, biz bu xətti götürməklə əslində öz gücümüzü sübuta yetirmişik. Bu, çox böyük qələbə və qürur hissidir bizdən ötrü deməli. Bir məsələyə də diqqət edin. Hücuma keçən hər zaman müdafiə olunan tərəfdən çox itki verməlidi. Amma burda hər şey tərsinə oldu. Sadəcə yenə təkrar edirəm ki, bizim dayanmağımız ermənilərə artilleriya atəşi fürsəti yaratdı. Bir də neytral ərazidə çox itki verdik. Çünki buralar həddən artıq minalanmışdı. Həm onlar, həm də bizimkilər tərəfindən.
  • Aprel döyüşləri xalqla ordunun bir vəhdətə gətirdi həm də…
  • Tamamilə haqlısınız. Aprel döyüşləri ordu ilə xalqımız arasında olan uçurumu aradan qaldırdı. Keçmiş nazirin dövründə hamıda belə bir təəssürat yaranmışdı ki, hamı elə bilirdi əsgərlər elə bit-birənin içində yaşayır, səriştəsizlikdi, tabesizlikdi və s. Aprel döyüşləri zamanı millətlə ordu həqiqətən də bir yumruq ola bildi. Ona qədər bizdə bu inamı da qırmışdılar. Amma sübuta yetirildi ki, biz bir ola, istəsək bir-birimizə dəstək verə və nəticədə düşmənə qalib gəlib torpaqlarımızı işğaldan azad edə bilərik.

“Erməni postları qaçanları, bizim polislər cəbhə xəttini keçmək istəyənləri geri qaytarırdı”

Bir paradoks da yaşanıbmış Aprel döyüşləri vaxtı. Həmsöhbətim deyir ki, ermənilər post qurmuşdular ki, qaçanları geri qaytarsınlar, bizim polislər post qurmuşdular ki, cəbhə xəttini əliyalın keçmək istəyən dinc əhalimizi geri qaytarsınlar. Çünki bizim ordumuzun onların köməyinə ehtiyacı yox olmayıb, bizim ehtiyacımız mənəvi dəstəyə var idi və bunu da gördük. Polkovnik-leytenant da elə bu istiqamətdə davam edir söhbətimizə:

  • Mən özüm yaralı olanda məni yoluxmağa tanımadığım nə qədər insanlar gəldi!.. Özünüz də gördünüz Prezidentdən tutmuş sıravi vətəndaşlarımıza qədər kimlər gəlmədi ki bizə baş çəkməyə. Yəni onda bildik ki, həqiqətən də biz tək deyilik.
  • Siz hansı şəraitdə yaralanmışdınız?
  • Mən elə bil ki, aldığımız mövqedə ortada bir yüksəklik vardı. Əgər biz o yüksəkliyi almasaydıq, düşmən bizi qoymayacaq idi dayana bilək. Biz ora qalxanda minaya rast gəldik. Minanı niyə hiss edə bilmədik? Minanın üstündəki dəmiri çıxarıb plastmasla əvəzləyirlər. Bu zaman minaaxtaran aparat minanı tuta bilmir. Orda mən düşdüm minaya. Ancaq qoymadım əsgərlər gəlib məni çıxarsınlar. Çünki mən düşəndən sonra gördüm ki, tamamilə minalanmış sahənin içərisindəyəm.
  • Hansı hissləri keçirdiz bu dəhşətli zaman içində sirr deyilsə…
  • Düşündüm yəqin mənimki də elə bura qədər imiş. Ancaq özümü itirmədim. Mənim gizirlərim, əsgərlərim hamısı qışqırışdılar ki, rəis minaya düşdü, mən ancaq silaha əlimə atdım ki, gəlsəniz vuracam sizi. Çünki düşmən yuxarıda snayperlə oturmuşdu. Təcrübəmə əsaslandım ki, onlar gəlsələr yuxarıdan gülləborana düşməklə yanaşı, sağa-sola xaotik hərəkət etməyə məcbur olanda hamısı minaya töküləcəklər. Özün haqqında isə istər-istəməz belə düşünürsən ki, daha nə olacaq-olacaq, gerisi boş şeydi.
  • Bəs necə çıxdınız?
  • Durdum bir dairə fırlandım və qərar qəbul elədim ki, mən burdan necə çıxmalıyam. Sürünə-sürünə Allahın köməkliyi ilə mina ərazisindən çıxdım və ondan sonra dedim ki, indi məni götürün. Bilirsiniz, bayaq ruh yüksəkliyindən danışdıq, mən və mənim döyüş yoldaşlarım o zaman düşünmürdük ki, biz bu döyüşdə ya ölərik, ya sağ çıxarıq. Elə bir ovqata köklənmişdik ki, deyirdik biz ancaq o tapdaq altında olan torpaqlarımızı azad edəcəyik. Digər bir tərəfdən fikirləşirsən ki, sən şəhid olsan, sənin dövlətin ailənin, övladlarının yanında olacaq. Bu çox mühüm bir məsələdir. O olmasa, insanın heç döyüşməyinin belə önəmi qalmaz. Düzdür, bəzi icra qurumları var ki, Qarabağ döyüşlərində yaralananlara, əlillərə, şəhid ailələrinə bir qədər problemlər yaratdılar, amma buna da səbəb bir çox hallarda ayağını balta, mişar kəsənlərə Qarabağ əlili statusu verənlər oldu. Bu insanlar da əllərinə çəlik alıb icra qurumlarını bezdirirlər ki, mənə ev verin, maşın verin və s. Əslində döyüşən adamlar təmənnasız döyüşüblər. Məsələn, məni bir adam məcbur etməyib ki… Mənim işim bu olub. Vəzifə borcumu yerinə yetirmişəm. Ancaq bir məsələ də var. Dövlət Proqramı olmalıdır, hər şey onun əsasında aparılmalıdır. Döyüşçü gedib kiməsə ağız açmamalı, dilənməməlidi. Bax, sağ olsun Mehriban xanım ki, o, qəbul etdiyi proqram-layihələrlə bizim qayğılarımızı da qarşıladı, qürurumuzun qorunmasında da vəsilə oldu. Mehriban xanım xüsusilə Aprel döyüşlərindən sonra özü belə bir nəticəyə gəldi ki, bəzi icra məmurları Vətən yolunda sağlamlığını itirmiş Qarabağ əlillərinin taleyinə, sosial qayğılarına biganədirlər. Ona görə də məsuliyyəti demək olar ki tamamilə öz üzərinə götürdü və bununla da bizə münasibətdə sanki yeni bir eranın başlanğıcını qoydu.
  • Sizin ayağınız protezdi?
  • Bəli. Bir ayağım protezdi, ikinci ayağım dağılıb yenidən yığılıb.  
  • Konkret olaraq sizinlə bağlı nə baş verdi Mehriban xanımla görüşdən sonra?
  • Mehriban xanım bizi qəbul elədi və bu görüş zamanı dedi ki, siz mənim qardaşlarımsız. Böyük qəhrəmanlıq, döyüş şücaəti göstərdiniz, bizi dünyaya tanıtdınız. Ona görə də Fondun qapıları sizin üzünüzə açıqdır. Amma bu görüşdən əvvəl də Aprel döyüşçüləri ilə bağlı xüsusi tapşırıq olmuşdu. Sağ olsunlar ortopediya mərkəzinin rəhbərliyi, Elmira xanım, bütün tibbi personal bizim qayğılarımızı çəkdilər, hamımıza gərək olacaq ölçüləri götürdülər, hətta istədilər ki, bizi oradaca protezləşdirsinlər. Ancaq Mehriban xanım özü bu işə əl qoydu ki, bu insanlar ən yaxşı, ən yüksək səviyyəli protezlərlə təmin olunmalıdırlar.

Təbii ki, heç bir protez insanın öz ayağının yerini verməz. İstəyirsən lap qızıldan gətir nə isə qoy, öz ayağının yeri, effekti başqa olacaq. İstər-istəməz güdülün böyüməyi-yığılması var, lakin yenə də sağ olsun Mehriban xanım ki, tapşırıq verdi ki, yalnız ən müasir protezlərlə təmin etsinlər bizi. Bax, indi mənim sağ ayağımın pəncəsi yoxdu. Mənim üçün silikon deyilən bir protez var, ondan düzəldilib. Amma məndə ikisi də düşüb deyə, bir az çox yeriyəndən sonra mənə əziyyət verir. Axı mənim ayağımın sümükləri tamamilə dağılmışdı. Fond özü tapşırıq vermişdi sol ayağımın müalicəsi üçün. Ancaq Kliniki Tibbi Mərkəzdə türkiyəli bir həkim var, o dedi ki, “mən gedirəm onun müalicəsi üçün, ancaq mən komutanın müalicəsinə görə pul götürə bilmərəm”. Ona aydınlatdılar ki, bu xərcləri Mehriban xanımın tapşırığı əsasında Fond ödəyəcək. Dedi “sağ olsunlar, onu onlar vicdan borcu biliblər, bunu da mən özümə vicdan borcu bilirəm”.

Bu, həqiqətən də bir Türkiyə vətəndaşının, Türkiyəli həkimin Vətənə, vətənpərvərliyə gerçək münasibətinin təzahürü idi.

  • Onda sizi Türkiyəli həkim müalicə edib?
  • Yox. Elə bil ki, hər dəfə güdüllə bağlı problem rananda və ya protezi dəyişmək zərurəti yarananda müraciət etməli oluram, gedirəm Türkiyəyə və s. Amma hazırkı durumumu da görürsünüz. Nəinki sağlam adam kimi hərəkət edirəm, hətta hərbi xidmətimi də davam etdirirəm.
  • Medikom şirkəti sizin protezləşmənizi həyata keçirib…
  • Medikom da Anar Rüstəmov adlı həkim var. Cavan bir oğlandı. Gözəl insandı. Keçən dəfə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov problemlərimizlə maraqlananda Anar Rüstəmovdan razılıqlarımı ona da dedim. Dedim, sağ olsun, sizin tapşırıqlarınız əsasında o, bizim bütün müalicəmizi nəzarətdə saxlayır, lazımi köməklikləri edir. Heç protezləşməyə aidiyyatı olmasa da sol ayağımın problemlərini də bir ərizə yazdırmaqla müalicəyə yönəldir. Problemimiz də anındaca nəzərə alınır.
  • Başqa problemlənizlə əlaqədar müraciət edəndə necə qarşılayırlar Aprel döyüşçüsünü?
  • Vallah belə ümumən pis qarşılamırlar. Əvvəldə qeyd etdiyim kimi, mənim ata evim ön mövqelərə yaxın – Tovuz rayonunun Əsrik Cırdaxan kəndində yerləşir. Atam yaralanan zaman ermənilər TŞK ilə vurub evin damını deşik-deşik eləmişdilər. Mən 16 il ön cəbhədə hərbi xidmətdə olmağıma baxmayaraq onu düzəltdirə bilməmişdim. Ev deşik-deşik idi. Mən belə şəxsi işlərimi dilə gətirməkdən utanıram. Əmim oğlu bir ərizə yazdı ki, bunu təqdim edərsən. Ərizəni ünvanına çatdıran kimi Fond təcili pul ayırdı, evin üstünü dəyişdirtdirdi. Halbuki illər idi, hər yağış-qar yağanda anam o deşiklərdən axan suyun altına qazan-ləyən tuturdu ki, evin içərisi islanmasın. Amma çox vaxt biz özümüzün hər bir şəxsi problemimizə görə müraciət etmək istəmirik. Lakin, məsələn, mənim bir Maxi – müddətdən artıq hərbi xidmətçim var idi, onun oğlu ürəkdə qüsurla dünyaya gəldi, dedim yaz Fonda. Yazdı, pul ayırdılar, onun uşağı ürəyindən müalicə aldı, əməliyyat olundu, bu saat yaşayır, sağlamdı.

“Biz düşməndən torpaq aldıq, siz Bakıda torpaqları zəbt etmisiniz”

  • Bəs ölkəmizin icra strukturundakı digər məmurların bu məsələlərə yanaşması necə, sizi qane edirmi?
  • Elə bu məsələnin üstünə gəlmək istəyirəm. Onların əksəriyyəti yalnız şəxsi mənafeyini düşünür, burnundan uzağı görmür, Vətən, torpaq anlayışına düzgün yanaşmır. Mən məsələn, nələrə daha çox əsəbiləşirəm. Tutalım, Bakının bir tərəfində maşın saxlayıram. Bir nəfər yaxınlaşır ki, 20 qəpik, 50 qəpik, ya bir manat ver. Ona deyirəm niyə verməliyəm? Cavab verir ki, müdirim belə tapşırıb. Onda əsəbiləşib onun müdirini də yamanlayıram, özünü də. Deyirəm biz canımızı qoyub düşməndən torpaq almışıq, siz isə Bakıda oturub torpaqları zəbt etmisiniz. Bilirsiniz, məmurların özbaşınalığına, bax belə soyğunçuluqlarına son qoyulmalıdı. Hamı bir-birinə dəstək olmalıdı, hamı Vətənin qədrini bilməlidi, heç kəs yalnız şəxsi mənafeyini ortaya qoymaqla işini bitmiş hesab etməməlidi. Dövlət başçısı, Mehriban xanım təkbaşına hər şeyi edə bilməzlər axı…
  • Yaxud hamı problemini götürüb Mehriban xanıma çatdırmaqlamı məşğul olmalıdır…
  • Əlbəttə ki yox. İnanın bizim ikinci görüşümüz zamanı məlum oldu ki, Mehriban xanım hansısa beynəlxalq konfransa qatılıb. Anar müəllim ona bizim gəldiyimizi bildirən kimi dedi yox, nə olur-olsun mən döyüşçülərimizlə görüşməliyəm. O konfransı yarımçıq tərk edib gəldi bizimlə görüşdü. Ancaq icra başçıları var ki, öz səlahiyyətlərində olan işləri belə bizim vasitəmizlə həll etmək istəyirlər. Amma bu işlərə diqqətlə yanaşan Səbayel rayon icra hakimiyyətinin başçısının yaxşı əməllərini qeyd etməsəm ədalətsizlik olar. Cavan bir oğlandı. Vüqar Zeynalov. Bu insan müavinləri də yanında şənbə günü gəlib oturur bir parkda. Ərazidə yaşayan elm adamlarını, professorları, təhsil işçilərini, ağsaqqalları və s. yığıb onlarla rayon ərazisində olan problemləri müzakirə edir. Açıq şəraitdə, səmimi. Məni də bir gün çağırmışdılar. Əvvəl elə bilirdim ki, bu nəsə yəqin süni bir “görüş xatirinə görüş”dü. Amma tamam başqa bir mənzərənin şahidi oldum. Durdum bir qədər danışdım, problemləri sadaladım. Qalxıb ayağa dedi ki, məni bağışlayın, təəssüf edirəm ki, indiyə qədər bu ərazidə sizin yaşadığınızdan xəbərim olmayıb. Ətrafını mənim haqqında məlumat vermədiklərinə görə qınadı. Heç biri səsini də çıxarmadı. Götürüb şəxsi telefon nömrəsini verdi. Onu da dedi ki, icazə versən, gəlib bir gün evində çayını içərəm. Mən də öz növbəmdə dedim ki, mənim nə qədər ömrüm var, gənc nəslin vətənpərvərliklə tərbiyə olunması yolunda sizə öz köməkliyimi əsirgəmərəm. Dedi mütləq sizi bu tipli tədbirlərimizə dəvət edib sizin çıxışlarınızdan faydalanarıq. Bax, burada mən yenilikçiliyi, xalqa yaxınlaşmanı gördüm. Düşünürəm ki, belə kadrlara kömək etmək lazımdır, mane olmaq yox. Amma gördüklərimdən başqa bir misal çəkim. Getmişəm doğulduğum Tovuz rayonunun icra hakimiyyəti başçısının qəbuluna. O rayona təzə gələndə onunla görüşmək o qədər rahat idi ki… Sakit bir adam idi, getdim təbrik elədim, dedim nə problem olsa bizim də köməyimizə arxalana bilərsiz. Bu dəfə gedəndə isə…düz üç saat məni gözlətdi. Hətta dedi guya məni tanımır. Köməkçisi adamla elə tonda danışır ki, allah göstərməsin. Çıxıb gedirdim. Yanımda müharibə veteranı olan əmim oğlu var idi, o məni zorla saxladı. Köməkçisinə dedim Mehriban xanım bizi heç iki dəqiqə gözlətmir, sən məni neçə saatdı gözlədirsən, bu çəliklə vurub baş-gözünü dağıdımmı sənin… Düşünürəm belələri vəzifədə oturandan sonra gözləri ayaqlarının altını görmür, özlərini qəsdən belə aparırlar ki, dövlət gözdən düşsün.

Bilirsiniz, mən səmimiyyəti sevirəm. Mehriban xanıma ona görə böyük hörmətim var ki, çünki o, bu Vətən uğrunda döyüşənləri dəstəkləyir. Mən görülən işlərə qiymət verirəm. Ancaq Mehriban xanım da bu işləri təkbaşına aparmamalıdır. Yerdəki məmurlar öz işlərinə, öz vəzifə borclarına hörmətlə yanaşsalar, düşünürəm ki, bizim heç bir problemimiz qalmaz.  

                                                                                                      (ardı var)

Dəyanət Səlimxanlı

Nəzirməmməd Zöhrablı      

Bənzər yazılar