Dərc olunub: 23.09.2019

Kolumbiya Universitetindən Dr.Amra Sabic-El-Rayessin konfrans iştirakçılarına müraciəti

Əziz dostlar, həmkarlar və qonaqlar!

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci İllik Konfransına dəvət edilməkdən, sizi salamlamaqdan və Azərbaycanın iqtisadiyyat və təhsil sahəsindəki transformasiyasının hazırki vəziyyəti barədə fikirlərimi bölüşməkdən məmnunluq və qürur hissi duyuram.

Təəssüflə qeyd edirəm ki, digər mühüm öhdəliyim səbəbindən bu tədbirdə şəxsən iştirak edə bilmirəm. Sizinlə məhsuldar müzakirələrdə iştirak etməyi çox istərdim. Bugünkü çıxışımın giriş hissəsi kimi, sosial transformasiyalar barədə apardığım işlərin bəzilərini sizə təqdim etmək istərdim. Kolumbiya Universiteti nəzdində Teachers College-də fakültə üzvü kimi akademik karyeramın böyük hissəsində tənqidi və fənlərarası tədqiqatlarda iştirak etmişəm, münaqişə və böhran sonrası inkişaf etməkdə olan ölkələrdə gedən sosial transformasiyalarla bağlı dərs demişəm.

Gənclik illərimdə Bosniyada dəhşətli müharibənin və etnik təmizləmə siyasətinin şahidi olmuşam. Mənim keçmiş vətənimdə təhsil müəssisələri dağıdılmış, təhsil prosesi dayanmışdı. Çox sayda müəllim öldürülmüş və yaralanmışdı. Bəziləri isə zorakılıqdan yaxa qurtarmaq üçün ölkəni tərk etmişdi. Həmin vaxt, müharibə dövründə ölkədə kifayət qədər ixtisaslı müəllimlər olmadığından, riyaziyyat və fizika üzrə ən öncül tələbələrdən biri kimi məndən də dərs demək xahiş edildi. Mən həmin müharibə dövründə, Bosniyada və ümumiyyətlə regionda ən gənc müəllim olaraq işə başladım. Bu il müəllim kimi ilk dəfə sinif otağına daxil olmağımdan 25 il ötür. O vaxtdan bəri dərs deməyi çox sevdim və sonradan təhsilin gənclərin həyatında necə güclü bir dəyişdirici rola malik olmasını anladım.

Bu gün Kolumbiyada Hindistanın aztəminatlı qadınlarının maliyyə xidmətlərinə çıxışı, Monqolustanda məktəbli geyiminin marginallaşdırmaya təsiri və ya radikalizasiyanın necə deradikalizasiya edilməsinin öyrənilməsi üçün tədqiqat layihələrində tələbələrimlə işləyən zaman mən, əsas diqqətimi dəyişkən nümunələr üzərində, o cümlədən təhsil sahəsində qarşılaşdığımız problemlər barədə düşüncə tərzimizi dəyişmək üzərində cəmləşdirirəm. Bunlarla yanaşı korrupsiya, sosial transformasiya, radikalizasiya, marginallaşdırma, sosial hərəkətlilik, qadınların inkişaf prosesində iştirakı və rolu kimi məsələlər ətrafında da araşdırmalar aparıram.

Ötən il ABŞ Dövlət Departamenti və Azərbaycan Respublikasının Təhsil Nazirliyindən Azərbaycanda işləmək üçün dəvət aldım. Bu, Azərbaycanın təhsil sistemi, onun hazırkı imkanları və qarşılaşdığı çətinliklərini öyrənməyim üçün böyük fürsət oldu. Bu gün həmin təcrübədən əldə etdiyim bəzi nəticələri sizinlə bölüşmək istərdim. Təhsil sahəsindəki korrupsiya dünyanın çoxsaylı millətlərinin inkişafına mənfi təsir göstərmişdir. Son aylarda, hətta ABŞ-da təhsildəki korrupsiya, rüşvətxorluq və standartlaşdırılmış testlərə mümkün müdaxilələr barədə xəbərlər aldıq. Apardığım tədqiqata əsasən, rüşvət həm iqtisadi, həm də sosial inkişafa ziyan vuran başlıca amillərdəndir. Daha mühümü, tədqiqat göstərir ki, korrupsiya tələbələrin təhsilə olan etimadının itməsinə gətirib çıxarır və beləliklə, onlar təhsildən soyuyur və daha çox təsirə məruz qalan şəxslər olur. Korrupsiyalaşmış təhsildə bəzi tələbələr sosial və siyasi əlaqələrindən istifadə edərək imtahanlardan keçir və diplom alırlar. Əgər sistemli şəkildə xüsusi korrupsiya islahatları aparılmazsa, ilk növbədə, tələbələrin sistemə olan inamı itir, daha sonra onların səylə çalışmağa motivasiyaları olmur və nəhayət, bəzi tələbələr təhsildən ayrılmaq və hətta ölkələrini tərk etmək qərarına gəlirlər.

Keçmişdə Azərbaycan da təhsil sistemindəki korrupsiyaya görə bu təsirlərin bəzisini görmüşdür. Lakin uzun illər araşdırdığım sistemlərdən fərqli olaraq, Azərbaycan təhsilin testlə yoxlanılması sahəsində nəzərəçarpan addımlar atmışdır və digər ölkələr bundan nümunə götürə bilər. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi Azərbaycanda təhsil sahəsində standartlaşdırılmış test imtahanlarının keçirilməsinə məsuliyyət daşıyır və təhsildə hərəkətliliyə ictimai inamın yenidən qurulmasında aparıcı rol oynamışdır. Azərbaycana gələndə verdiyim ilk sual DİM-in bunu necə etməsi olmuşdu. Cavab isə belə idi: DİM subyektiv təsiri minimuma endirmək üçün texnologiyanın tətbiqindən geniş istifadə edir. DİM, eyni zamanda, “Educational Testing Services”, “YUNESKO” və digər beynəlxalq agentliklər və institutlarla əməkdaşlığı genişləndirmişdir. Bu, Azərbaycan tələbələrinin DİM tərəfindən aparılan test imtahanlarının legitimliyinə olan inamının bərpasına kömək etmişdir. DİM ali təhsildə test üsulunun obyektivliyi və şəffaflığının təkmilləşdirilməsi ilə bərabər, 2012-ci ildən bəri orta məktəblərdə buraxılış imtahanlarını da standartlaşdırılmış test üsulu üzrə keçirməyə başlamışdır. Sizə maraqlı ola bilər ki, onları işlərini genişləndirməyə nə vadar etdi? 2012-ci ilə qədər məktəblərdə ilk sıralarda olan şagirdlər ali məktəblərə qəbul imtahanlarında heç də həmişə yüksək nəticə göstərmirdilər. İlk baxışdan orta məktəblərdə test üsullu qiymətləndirmənin tətbiqi bir qədər subyektiv görünə bilərdi. Ancaq DİM buraxılış imtahanlarını keçirməyə başlayandan sonra şagirdlərin həmin imtahanlardakı nəticələri ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrlə uyğunluq təşkil etməyə başladı. Bəlkə də, ən mühüm məqam odur ki, DİM-in təcrübəsi və faktlara əsaslanan yanaşma tətbiq etməsi, əksəriyyət tərəfindən etibarlı və obyektiv hesab edilməyən standartlaşdırılmış test imtahanlarına ictimai etimadın yenidən bərpa edilməsini sürətləndirmişdir. Bu isə öz növbəsində, illər keçdikcə qəbul imtahanlarında iştirak etmək üçün müraciətlərin sayının artmasına, eləcə də kənd yerlərində aztəminatlı və məcburi köçkün ailələrindən olan şagirdlərin ali təhsil alması istiqamətində geniş imkanlara yol açmışdır. Standartlaşdırılmış test imtahanına ictimai inamın bərpa olunması ilə test imtahanlarına hazırlıq sənayesi yaranmış və bu, Azərbaycan müəllimlərin iş imkanlarını genişləndirmişdir.

Burada Azərbaycanla bağlı ən mühüm məsələ isə budur: DİM tənqidi siyasi iradənin istənilən növ məntiqli transformasiyada necə mühüm rol oynadığını bizə – korrupsiyadan narahat olan və təhsilin sosial hərəkatdakı rolunu yaxından izləyənlərə öz gördüyü işlərlərlə sübut etdi. Bu təkmilləşmə o demək deyil ki, Azərbaycan təhsildə transformasiya prosesini tamamlamışdır. Onlar göstərir ki, təhsil sahəsində korrupsiya kökündən kəsiləcəyi halda yox ola bilər. Hətta görüləcək çox mühüm işlər qalsa da, təhsil sahəsində transformasiya həqiqətən mümkündür. Lakin bu, o zaman mümkün ola bilər ki, birincisi, əgər burada siyasi iradə varsa, ikincisi, təhsil sahəsində transformasiya və ya dəyişiklik üçün resurslar təmin olunursa və üçüncüsü, dəyişiklik faktlara əsaslanan yanaşma ilə edilərsə.

Azərbaycan test imtahanı təcrübəsində şəffaflığın inkişaf etdirilməsində nəzərə çarpacaq dərəcədə uğur əldə etsə də, bu uğurun təhsilin digər sahələrinə qədər genişləndirilməsi əsas məsələ olaraq qalır. Azərbaycan bu müstəvidə informasiya texnologiyaları, mühəndislik, dayanıqlılıq, kənd təsərrüfatı və turizm bölmələri üzrə stimullaşdırıcı və çoxşaxəli müxtəlif yeni alt-ixtisaslar təqdim etməklə 2008-ci ilin qlobal iqtisadi böhranına cavab vermişdir. Bu dəyişiklik ölkənin neftdən asılılığını azaltmaq ümidi ilə tətbiq edilmişdir. Lakin iqtisadi islahatı və transformasiyanı tam şəkildə dəstəkləmək üçün ölkənin iqtisadiyyat və təhsil arasında qarşılıqlı faydalı və effektiv əlaqəyə ehtiyacı olacaq. Bu əlaqənin bir hissəsi kimi, Azərbaycan əsas diqqəti təhsilin keyfiyyətinin və bütün səviyyələrdə müəllimlərin kompetensiyalarının inkişaf etdirilməsi üzərinə cəmləşdirməlidir. Hal-hazırda qəbul imtahanlarında ilk sıralarda yer alanların üçdə biri özəl məktəbləri bitirənlərdir. Bu, onu göstərir ki, dövlət təhsilində təkmilləşməyə hələ də ehtiyac var. Ümumiyyətlə, məktəb şagirdləri təcrübi və analitik bacarıqlar tələb edən açıq tipli test suallarında aşağı nəticə göstərir. 1-5 yaş arası uşaqların isə üçdə bir hissəsindən azı

məktəbəqədər təhsilə cəlb olunur və təəssüf ki, həmin uşaqlarda da məktəbəqədər təhsilin müsbət, uzunmuddətli və artan təsirləri görünmür. Lakin aparılmış hərtərəfli tədqiqat göstərir ki, məktəbəqədər təhsil bunu etməyə qadirdir.

Azərbaycan iqtisadi inkişaf və beyəlxalq əməkdaşlığın yeni sahələrinin stimullaşdırılması üzərində işləyir. Lakin bununla yanaşı təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir. Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dördə bir hissəsinin ali təhsili yoxdur. Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər. Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcəkdir.

Sonda bildirmək istərdim ki, Azərbaycanın inkişaf yolu təhsildə ruhlandırıcı və transformasiyalı tarixçələrin mövcud olduğunu bizə öyrədir. Lakin müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçüləbilən nəticələr verə bilər. Azərbaycanın standartlaşdırılmış test təcrübələrinin transformasiyasında əldə etdiyi uğurun şahidi olduqca ümid edirəm ki, Azərbaycan millətin təhsili və iqtisadiyyat arasında daha geniş əlaqəni uğurla inkişaf etdirəcəkdir.

Təşəkkürlər.

Amra Sabic-El-Rayess

Kolumbiya Universiteti, Teachers Colleg

Bənzər yazılar