Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə 100 illik yubileyi ilə əlaqədar müəssisədə əsaslı təmir-bərpa işləri görülür.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, müəssisənin binasının bir hissəsində təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir. Hazırda H.Z.Tağıyevin 8 otaqdan ibarət xatirə muzeyində bərpa işləri aparılır. Möhtəşəm Şərq zalında qədim şərq ənənələrini özündə əks etdirən naxışlar və ərəb dilində yazıların restavrasiya işləri görülür. Zalda tarixi əhəmiyyətli H.Z.Tağıyev dövründən qalma möhtəşəm çilçıraq muzeyin bərpaçı-rəssamı Ərəstun Şahverdiyev və dizayner-rəssam Vüqar Xudaverdiyev tərəfindən restavrasiya olunub. Çılçırağın 40-dək zədələnmiş büllur detalı bərpa edilib, metal detalları isə xüsusi məhlulla təmizlənərək yığılıb, montaj edilib.

Təmir-bərpadan sonra muzey yeni ekspozisiyası ilə öz ziyarətçilərini sevindirəcək.

Bənzər yazılar