Azərbaycan Milli Elmlər Akademiyasının Biofizka İnstitutunun Ekoloji biofizika və Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyalarının əməkdaşları “Rusiya Biofiziklərinin VI qurultayı”nda iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, müasir biofizika elminin aktual problemlərinə həsr olunan qurultayda fotobiologiya, fotosintez, zəif elektromaqnit sahələrinin canlı hüceyrə ilə qarşılıqlı təsiri, bioinformatika, biotibbi tədqiqatdakı azot oksidi və suda molekulyar qarşılıqlı təsir, habelə kök hüceyrələrinin tibdə tətbiqi haqqında məruzələr dinlənilib.

Qurultayın plenar iclasında “Ekoloji biofizika” laboratoriyasının müdiri, professor Tokay Hüseynovun “İzolə olunmuş insan eritrositlərində nitritin təsiri zamanı qlutationperoksidaza və katalaza aktivliklərinin dəyişilməsinin müqayisəli qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Bölmələr üzrə keçirilən iclaslarda Biofizika İnstitutunun əməkdaşlarından biologiya üzrə fəlsəfə doktoru Ruhiyyə Quliyeva “Nitrit intoksikasiyasının qiymətləndirilməsində qan zərdabının xemilüminessensiyası ekspress metod kimi”, Sevil Məhərrəmova “Yüksək gərginlikli elektrik sahəsinin (50Hz) təsiri altında insan eritrositlərinin hemolizə qarşı rezistentliyi”, Arzu Aydəmirova isə “İnsan qanı plazmasının FÇİQ spektrlərinin köməkliyi, ağ ciyər xərçənginin biomarker analizi” mövzusunda şifahi və stend təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikat verilib.

Bənzər yazılar