Gürcüstanın paytaxtı Tbilisi şəhərində İvane Beritaşvili adına Gürcüstan Fizioloqlar Cəmiyyətinin IV beynəlxalq konqresi keçirilib.

İsveç, Avstriya, Portuqaliya, Bolqarıstan, Rusiya, Belarus, Ukrayna və digər ölkələrdən mütəxəssislərin qatıldığı konqresdə ölkəmizi AMEA-nın Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, biologiya elmləri doktoru Ulduz Həşimovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

AMEA-dan Mektebgushesi.az -a bildirilib ki, Ulduz Həşimova plenar sessiyaya həmsədrlik edərək Azərbaycanda yüksək uzunömürlülük indeksli populyasiyaların öyrənilməsi üzrə elmi tədqiqat proqramının nəticələri haqqında məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Avstriyalı alim, professor Ursula Vindberger və gürcü tədqiqatçı, professor Marina Nikalaişvili mövzu ətrafında çıxış edərək bu sahədə aparılan tədqiqatlarda əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Tədbirin sonunda Ulduz Həşimova tərəfindən İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin direktoru, professor David Nadareişviliyə Azərbaycan Fizioloqlar Cəmiyyətinin fəxri üzvü seçilməsi haqqında sertifikat təqdim edilib.

Bənzər yazılar