Dərc olunub: 01.10.2019

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Azərbaycan arasında əməkdaşlığın əsası 1993-cü ildə qoyulub və ötən müddət ərzində Azərbaycan əqli mülkiyyət sahəsində ciddi nailiyyətlər əldə edib. Çox şadıq ki, beynəlxalq təşkilat ölkəmizi bu istiqamətdə daim dəstəkləyibdir.

Bu fikirləri Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov ÜƏMT-yə üzv dövlətlərin Assambleyasının bu günlərdə Cenevrədə keçirilən sessiyasını şərh edərkən bildirib. O qeyd edib ki, indiyədək təşkilatın rəhbəri iki dəfə Azərbaycanda rəsmi səfərdə olub və sonuncu belə səfər keçən il baş tutub: “Məmnunuq ki, sosial-iqtisadi islahatların mühüm tərkib hissəsi olan əqli mülkiyyətin inkişafı sahəsində ÜƏMT Azərbaycan qurumları ilə yaxından iş birliyi qurub”.

Daimi nümayəndə bildirib ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov sessiyadakı çıxışında ölkəmizdə əqli mülkiyyət sahəsində görülən işləri dolğun şəkildə əks etdirdi: “Ümidvaram ki, Azərbaycanla bağlı məsələlər sessiya çərçivəsində öz müsbət həllini tapacaqdır və təşkilatın aparıcı qolu olan Əlaqələndirmə Komitəsinə seçkilər, Azərbaycanın da qoşulduğu konvensiyalardan biri olan Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının Assambleyasına üzvlərin seçilməsi və digər məsələlər öz həllini tapacaq”.

Elgün Niftəli

Bənzər yazılar