Astronomlar Andromeda Dumanlığının ətrafında ulduzların kürə şəklində toplaşmasını müşahidə edərək belə qənaətə gəliblər ki, bu nəhəng kosmik məkan son milyard ildə ən azı iki qalaktika ilə toqquşub və onları udub.

AZƏRTAC alimlərin müşahidələri əsasında hazırlanmış hesabatın dərc olunduğu “Nature” elmi jurnalına istinadla xəbər verir ki, bizim Süd Yolu qalaktikası da bu təhlükə ilə qarşılaşa bilər. Tədqiqatın müəlliflərindən biri, Avstraliya Milli Universitetinin professoru Duqal Maki bununla bağlı deyib: “Süd Yolu qalaktikası Andromeda Dumanlığı ilə təqribən 4 milyard ildən sonra toqquşa bilər. Bu qarşılaşmanın nəticəsini isə əvvəlcədən söyləmək mümkündür. Müşahidələr göstərir ki, Andromeda Dumanlığının ətrafı bizim qalaktikada olduğundan daha mürəkkəbdir. Bu, onun bir neçə “qonşusunu” udduğunu da göstərir”.

Astronomlar hesab edirlər ki, qalaktikaların toqquşması adi haldır. Bir qayda olaraq, bunun nəticəsində onların birləşməsi, yaxud tamamilə dağılması baş verir. Həmin kataklizmlər nəticəsində yeni ulduzlar yaranır və yeni qalaktika formalaşır. Lakin astronomlar onların təbiətini yetərincə öyrənə bilməyiblər. Belə ki, alimlər uzun müddət belə hesab ediblər ki, Süd Yolu qalaktikası bu cür “kosmik qəzalara” məruz qalmayıb. Yaxınlıqda olan bir neçə milyon ulduzun müşahidələri isə göstərib ki, bu, heç də belə deyil və təxminən 2-3 milyard il bundan əvvəl bizim qalaktikanın güclü “qonşusu” ilə toqquşması nəticəsində ulduzların yarandığı parlaq işıqlar əmələ gəlib.

Professor Maki və həmkarları müəyyən ediblər ki, Süd Yolunun ən nəhəng “qonşusu” olan Andromeda Dumanlığı əsl “qalaktika hannibalizmi” nümayiş etdirib. Bu prosesin bariz nümunəsi isə onun ətrafına toplaşmış parlaq ulduz yığınıdır. Havay adalarında quraşdırılmış Fransa-Kanada teleskopu olan CFHT ilə müşahidə aparan alimlər 500-dən çox ulduz və ətrafdakı onlarla kürə şəkilli kiçik kəşkəşanı müşahidə ediblər. O da müəyyən edilib ki, Andromeda Dumanlığının udduğu qalaktikalar onun özündən cəmi dörd-beş dəfə kiçik olublar. Alimlər bu tədqiqatların nəticələrinin Kainatın təkamülü haqqında mövcud olan nəzəriyyəni də alt-üst edəcəyini bildirirlər.

Bənzər yazılar