Dərc olunub: 04.10.2019

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Gülbəniz İsrafilovaya həsr olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Gülbəniz İsrafilova pedaqoji fəaliyyəti dövründə bir neçə təltifə layiq görülüb. Belə ki, 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron təhsil” Respublika müsabiqəsində “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə I yerə layiq görülüb.

Gülbəniz İsrafilova 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində riyaziyyat müəllimləri arasında rayon birincisi olub. Çalışdığı məktəbdə informatika fənnini də tədris etmək üçün bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və yüksək nəticə göstərib.

Bu peşəni seçdiyi üçün özünü xoşbəxt sayan Gülbəniz İsrafilova deyir: “Müəllimin savadı, qabiliyyəti, davranışı və şagirdlərinə olan sevgisi cəmiyyəti qane edirsə, o müəllim heç vaxt seçimindən narazı qala bilməz”.

Gülbəniz İsrafilova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Bənzər yazılar