Bu gün müstəqil Azərbaycan özünün ən yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Prezidentimiz İlham Əliyev çıxışlarında həmişə təhsilin prioritet sahə olduğunu vurğulayır, bu sahəyə xüsusi önəm verdiyini bildirir. Son illər təhsildə aparılan ən mühüm islahatlardan biri də kadr islahatıdır. Kadrların yerləşdirilməsi sahəsində şəffaf mexanizmin yaradılması məqsədi ilə müəllimlərin diaqnostik qiymətləndirilməsi, işə qəbulu və yerdəyişmə imtahanları aparılır. Mən özüm istər 2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmə, istərsə də 2019-cu ildə yerdəyişmə imtahanlarında şəffaflığın bir daha şahidi oldum.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zaqatala şəhər 5 nömrəli ümumi orta məktəbin ingilis dili müəllimi Nigar Xəlilova deyib.

Qeyd edək ki, 2017-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edən gənc müəllim ingilis dili fənni üzrə 60 baldan 58-ni toplamağa müvəffəq olub. 2019-cu ildə yerdəyişmə imtahanında da iştirak edən N.Xəlilova Zaqatala şəhər 5 nömrəli ümumi orta məktəbə müəllim təyin olunub.

Gənc müəllim deyib: “Arzum budur ki, gənc nəslin təlim-tərbiyəsi ilə səmərəli məşğul olaraq, onların Azərbaycan dövlətinin gələcəyi naminə yaxşı bir mütəxəssis kimi formalaşmasına öz töhfəmi verim. Böyüməkdə olan gənc nəslin vətənpərvər ruhlu, dövlətçilik ənənələrinə sadiq, bilikli, yüksək intellektual səviyyəli olması üçün daha çox səy göstərməyə, bilik və bacarığımı əsirgəməməyə çalışacağam. Eyni zamanda, bir müəllim olaraq, respublika səviyyəsində keçirilən müsabiqələrdə də fəal iştirak etməyi, rayonumuzu, məktəbimizi layiqincə təmsil etməyi özümə borc bilirəm”.

Bənzər yazılar